Müsavat Partiyası Divanının iclası keçirilib

Dekabrın 7-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, video-konfrans formatında keçirilən iclasda Yuxarı Qarabağda son durum, Azərbaycanda və bölgədə ictimai-siyasi vəziyyət müzakirə edilib.

 

Müsavat Partiyasının Divanı atəşkəs əldə edildikdən sonra Yuxarı Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə Azərbaycan hərbçilərinin əsir götürülməsi, işgəncəyə məruz qalması və öldürülməsi haqda sosial mediada yayılan məlumatların ciddi narahatlıq doğurduğunu bildirir, bu məlumatların araşdırılmasını və müvafiq tədbirlər görülməsini tələb edir.

 

Divan Rusiya Silahlı Qüvvələrinin qurduğu hərbi postlarda və Yuxarı Qarabağın digər ərazilərində separatçı rejimin bayrağının dalğalanmasını, işğaldandan azad olunmuş Kəlbəcər rayonu ərazisindəki Xudavəng monastrında məskunlaşan erməni keşişlərin, bu məbədi ziyarət etmək istəyən Azərbaycan vətəndaşlarına mane olmaq cəhdlərini qətiyyətlə pisləyir.

 

Divan Yuxarı Qarabağ ərazisində rus dilinin “ikinci dövlət dili” elan olunması haqda məlumatların Azərbaycanın dövlət suverenliyinə təhdid kimi qiymətləndirir, bunun yolverilməz olduğunu bəyan edir.

 

İclasda təşkilati məsələlərlə bağlı tapşırıqlar verilib.

 

Sonda cari məsələlər müzakirə olunub.

 

Basta