Türkiyə bundan sonra da Azərbaycan xalqını dəstəkləyəcək – Ərdoğan
Dekabrın 9-da axşam Türkiyə prezidenti Ərdoğan Bakıya iki günlük səfərə gəlib. O, dekabrın 10-da
İlham Əliyevlə birlikdə Bakıda keçiriləcək Zəfər Paradında iştirak edəcək.
Ərdoğan uçuşdan əvvəl Ankarada jurnalistlərə bildirib ki, Azərbaycan ordusu tarixi torpaqların azad edilməsi üzrə uğurlu əməliyyat həyata keçirib. İlham Əliyevin qətiyyəti və liderlik bacarıqları, habelə Azərbaycan hərbi qulluqçularının qəhrəmanlığı Zəfərin əsas amilləridir.
Türkiyə bundan sonra da qardaş Azərbaycan xalqını dəstəkləyəcək, deyə Türkiyə lideri qeyd edib.
“Öz adımdan və türk xalqı adından Azərbaycandakı qardaşlarımızı təbrik edirəm. Doğma Qarabağ uğrunda həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verirəm, yaralıların tezliklə sağalmasını arzu edirəm”, deyə Türkiyə lideri bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə tərəfi erməni işğalından azad edilən torpaqların bərpası məsələsində də Azərbaycanın yanında olacaq. “Biz yeni infrastrukturun yaradılması prosesində qardaş ölkəyə kömək edəcəyik”, deyə prezident bildirib.
Bakıda danışıqlar zamanı müzakirə olunacaq mövzulardan biri də yeni tip koronavirus infeksiyası pandemiyasına qarşı mübarizə üzrə birgə addımlar olacaq, deyə prezident əlavə edib.