Qarakəndli Anuşun təbəssümü
Ağdamın taksi sürücülərinin Xankəndi, Əsgəranla yanaşı Qarabağın yaxın erməni kəndlərində dost-tanışları olardı. Şəhərin dəmir yol vağzalından, bazarından yaranan sürücü-sərnişin münasibət zaman keçdikcə istiləşib tanışlıq, bəzən lap dostluq səviyyəsinəcən çatırdı. Hələ Xankəndiyə dəmir yol çəkilməmişdən qabaq Ağdamda qatardan düşən ermənilər ilk öncə göz-göz eləyib tanış sürücü axtarardılar. Bazarlığa gələnlərsə əvvəlcədən geri qayıdacaqları tanış sürücüylə vədələşirdilər.
Atamın da belə erməni tanışları az deyildi. Qarakəndli Rubenlə isə xüsusi münasibəti vardı. Ruben hər dəfə İrəvana gedəndə atama xəbər edərdi. Uzaq şəhərlərə müştəri düşəndə atam taksini həyətdə saxlayar, öz “Jiquli”sini sürərdi.
Bir gün dərsdən çıxanda atamın taksisini bazarın qabağında gördüm. Soruşub eləmədən mindim ki, gedəndə məni də evə düşürsün. Sən demə, atam, onun diliylə desəm “klent” gözləyirmiş. “Yemişcana iki “klent” var, istəyirsən, bir yerdə gedək, qoyaq qayıdaq”.
Çox çəkmədi yaşlı ər-arvad xeyli bazarlıqla gəldilər. Yol boyu atamla söhbətlərindən bildim ki, çoxdanın tanışlarıdılar. Erməni olsalar da elə bizim ləhcədə danışırdılar. Füzuliyə tərəf xeyli gedəndən sonra maşınımız sola buruldu, üzü yuxarı meşəli dağa sarı yol aldı. Onları evlərinə qoyub qayıdanda atam yolüstü Qarakəndə döndü. “Rubenə bir salam verək gedək. Həm də görək tut arağından, çaxırdan nəyi var”.
Həyətdə bizi Rubenin arvadı Anuş qarşıladı. Qollarını yana açıb atamı elə bərk qucaqladı, üzündən elə öpdü ki, neçə ay Bakıda xəstə yatıb evə dönəndə heç anam onu belə qarşılamamışdı. Açığı onun bu hərəkətindən xoşum gəlmədi. Qısqanclığa bənzər bir hiss idi. Bəs necə, yad arvad atamı qucaqlayıb öpürdü.
Onun bizi evə dəvətini atam qəbul eləmədi, Ruben evdə deyil. “Rubeni neynirsən, mən ki evdəyəm. Yeməyim də var, araq da, çaxır da”, deyib atamın qoluna girdi, mehriban-mehriban evə tərəf çəkdi. Atam onun xoş inadı qarşısında sınmadı. “Yemişcana klent gətirmişdim, dedim dönüm bir salam verim. İndi işim var, başqa vaxt Ruben evdə olanda gələrəm”.
Evin kişisi evdə olmadığına görə atam içəri keçmədi və biz geri qayıtdıq.
***
Qarabağ separatçılarının başçıcı Araik Arutunyanla Rusiyanın adına “sülhməramlı” deyilən qoşunlarının komandanı Rüstəm Muradovun isti qucaqlaşma fotosunda Araikin gülər üzündəki təbəssümü o vaxt atamı qucaqlayan Anuşun şeytani təbəssümünün eynidi.
Mən çox ölkələr gəzmişəm, müxtəlif xalqların nümayəndələriylə təmasda olmuşam. Odur ki, ürəklə deyə bilərəm: qadın, ya kişi fərq eləməz, dünyanın ən qılıqlı xalq ermənidir. Onların işi düşəndə pişiklənmək qabiliyyəti, delikates ev yeyəcəklərindən süfrəsi, şirindil qadınları qarşısında hər özündən deyən kişi duruş gətirməz.
Yaşlı qarabağlılar xatırlayır ki, hər “vurub-tutan” oğlanın, kişinin Xankəndidə, erməni kəndlərində xanım “dostu” vardı. 1988-ci ildə hadisələr təzə başlayanda Ağdamdakı mitinqlərin birində Xuraman Abbasova boş yerə üzünü kişilərə tutum deməmişdi: “O baş qaldıranlar sizin balalarınızdı. Zəhmət çəkin, gedin dərslərini verin”.
Bunları niyə yazıram?
Arutunyanın rus generalını elə qucaqlanması sizə təəccüblü gəlməsin. Biz belə qucaqlaşmaları sovet dövründə çox görmüşük. Ermənilər o generalları, lap əsgərləri də, tut arağıyla, çoşka kababıyla, qılıqbaz arvadlarla elə tovlayacaqlar ki, ömürləri boyu ordan çıxmaq istəməyəcəklər.
Odur ki, nə qədər məsti-xumar olmayıblar o rus ordusunu Qarabağdan çıxarmaq haqda ciddi-ciddi düşünməliyik.
***
Bir də onu deyim ki, indi ta yazıq Anuşu qınamıram. Mənim əzik-üzük sifətimə baxmayın, atam yaraşıqlı kişi idi.
Vahid Qazi
16 dekabr 2020