Xankəndində yaşayan ermənilərin qeydinə Azərbaycan dövləti özü qalacaq
Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
“Gülüstan” poeması, B.Vahabzadə
… Bakı vağzalından bir qatar da fısıldayaraq yola düşəndə, sərnişinləri diktorun “Bakı-Yerevan qatarı yola düşür” − elanı tələsdirir, konduktorlar onların biletlərini yoxlayaraq vaqonlara keçməyə icazə verirdilər. Son dayanacağı Yerevan (İrəvan) olan bu qatar getdiyi yolu geriyə dönür, qayıdıb Bakının mərkəzi vağzalında dayanırdı. Həmin qatarda ermənilər də gedib-gəlirdilər. 70 illik hökmranlığı dövründə Sovet rejimi hər zaman onların qayğısını çəkirdi.
Lakin kino süjeti kimi yaddaşda qalan bir səhnə heç vaxt tarixdən silinə bilməz. Bu “Bakı-Yerevan” qatarı İranla sərhəd ərazisinə çatıb, stansiyalarda dayananda qapılar açılır, əli avtomatlı sarışın əsgərlər sərnişinlərdən pasportlarını tələb edir, həmin pasportları vərəqləyib, qeydiyyatını yoxlayırdılar. Əgər paytaxtda yaşayan bir kəs öz doğma kəndinə bu qatarla gedirdisə, sərhədçi rus əsgərləri həmin şəxsi özləri ilə zastavaya − onun “casus” olub-olmadığını dəqiqləşdirmək üçün aparırdılar. O vaxtlar baş verən bu hadisə indiki qədər aydın olaraq adama çatmırdı. Çünki bizə orta məktəbdə tədris olunan tarix dərsliklərində Rus dövləti knyazlıqlarının tarixini öyrədirdilər.
Vətənpərvər şairimiz B.Vahabzadənin eynəkli cənabla, topsaqqal ağaya iradı indi də öz qüvvəsindədir. Bu şair indi həyatda qalsaydı, Xankəndində tamaşa düzəldən rus və fars şovinistlərinin əməllərinə daha sərrast bir poema yazardı. Şairlərin gücü onların qələmində olur. Dövlətin gücü isə onun hərb bacarığında. 44 günlük müharibə ilə Qarabağ kimi vəsfi diləgəlməyən bir bölgə erməni işğalından azad edildi.
Əslində bu işğal əməlinin sahibi bir ovuc erməni yox, “Gülüstan” poemasında təsvir olunan vətən bölənlərin indiki varisləridir. Biri beşillik səlahiyyətlə yenə əli avtomatlı Xankəndində, Xocalıda olan etnik erməniləri qoruyur, o biri himayədar yorulmadan onlara “ərzaq” daşıyır. Əsrlər boyu Azərbaycanı imperiya əsarətində saxlamış bu iki siyasət oyunbazına bir sual verilməlidir: “Bakının mərkəzində asudə həyat yaşayan ermənilər üçün niyə təlaş keçirmirsiniz? Yoxsa onlar həmin millətin üzvləri deyil?”
Müasir dövrdə də ən qaniçən rejim sayılan imperiyanı müxtəlif formalara keçirərək, xalqların genofondunu məhv etməklə, gözəl təbiətli bölgələri xaraba qoymaqla məşğulsan yenə, ay Rus və Fars imperiyası.
Xankəndində yaşayan ermənilərin qeydinə Azərbaycan dövləti özü qalacaq!
Nəzakət Muradova
Cəbrayıl rayonu, Quycaq kəndi