Ermənistan KİV: Çaylaqqaya və Köhnətağlar kəndləri yaxınlığında 9 erməni hərbçinin cəsədləri tapılıb

Çaylaqqaya və Köhnətağlar (Xtsaberd və Hin Tağlar) kəndləri yaxınlığında  9 erməni hərbçinin cəsədlri tapılıb. Ermənistan KİV-nin məlumatına görə,  cəsədlər Yuxarı Qarabağda yerləşən Rusiya sülhməramlı kontingenti tərəfindən erməni tərəfinə təhvil verilib.

 

“Onların hansı şəraitdə öldükləri hələ məlum deyil. Hazırda hərbçilərin şəxsiyyətlərinin və hansı şəraitdə öldüklərinin aydınlaşdırılması üçün lazımi tədbirlər görülür” – deyə, Panorama.az saytının məlumatında bildirilir.

 

Bundan əvvəl həmin ərazidə Ermənistan və Azərbaycan hərbçiləri arasında silahlı toqquşmaların baş verdiyi bildirilmişdi.

 

Dekabrın 12-də Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Hadrut bölgəsinin iki kəndinə (Hin Tağlar və Xtsaberd) hücum etdiklərini və ermənilər tərəfindən altı nəfərin yaralandığını bildirib. Rəsmi Yerevan ərazidə 73 nəfər erməni hərbçisinin itkin düşdüyü haqda məlumat yayıb.

 

Qeyri-rəsmi məlumatlara görə, Çaylaqqaya və Köhnətağlar kəndləri ərazisinə erməni hərbi birləşmələri noyabrın 26-da yerləşdirilib. Rusiya silahlı kontengenti həmin günlərdə yeni xəritə yayaraq, ərazinin sülhməramlıların nəzarət dairəsinə aid olduğunu iddia edib. İddiaya görə, Rusiya erməni tərəfinə bu kəndləri tərk etməyə çağırsa da, buna məhəl qoyulmayıb. Bundan sonra Azərbaycan ordusu ərazidə əməliyyat keçirib və qısa müddətdə kəndləri nəzarətə götürüb. Burada ələ keçirilən erməni əsirlərin bir hissəsi tərksilah edildikdən dərhal sonra Rusiya tərəfinə təhvil verilib.

 

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı bəyanatın 4-cü bəndinə əsasən, “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”. Lakin Ermənistanın silahlı birləşmələri bəyanatın bu maddəsini pozaraq, əraziləri tərk etməyə tələsmir.

 

Basta