Şəhid İsmayıl İrapovun anası: “Elə bil ürəyimi çıxarıblar, yoxdu elə bil ürəyim”

Noyabr ayında sosial mediada bir azərbaycanlı əsgərin erməni silahlıları tərəfindən qəddarlıqla öldürüldüyünü təsvir edən video yayılır. Videolardakı əsgərin əynində Azərbaycan Dövlət Sərhəd xidmətinin forması olduğu görünürdü.

 

Bu əsgərin kimliyi barədə spekulyasiyalar zaqatalalı İsmayıl İrapovun üzərində dayandı. 18 yaşlı əsgərin belə qəddarlıqla öldürülməsi hər kəsi qəzəbləndirdi və İsmayılın şəkilləri sosial mediada yayılmağa başladı.

 

BBC News Azərbaycanca İsmayılın evinə, Zaqatalaya baş çəkdi və öyrəndi ki, videodakı həmin o əsgər İsmayıl İrapov deyilmiş.

 

“(Sinəsini göstərərək) Buradan yuxarını görmüşəm, çiyini görmüşəm, üzü görmüşəm. Heç bir iz yox idi orada. Heç nə yox idi, tərtəmiz idi,” – ata Nəsrulla İrapov deyir.

 

Zaqatalanın Əliabad qəsəbəsində doğulmuş etnik ingiloy xalqının nümayəndəsi İsmayıl müharibə başlayanda 6 ay idi ki, hərbi xidmətdə idi.

 

Anası Naimə İrapova oğlunun yoxluğunu qəbul edə bilmir.

.

 

İsmayılın atası deyir ki, oğluna sevgisini göstərə bilməyib. O bu gün buna görə çox peşmandır.

 

Onun adı “Fəryad” filmində Ceyhun Mirzəyevin yaratdığı obrazdan götürülüb. İsmayıl ailəsinin xatirəsində zarafatcıl, gülərüzlü, zəhmətkeş biri kimi qalıb. Fəhləlikdən qazandığını ailənin ehtiyaclarına, təsərrüfatlarını artırmağa xərcləyirmiş.

 

O  qaz, ördək alır, qonşularının da yardımına qaçırmış. Özündən 7 yaş balaca bacısı, çox dəyər verdyi Həvvaya tez-tez hədiyyələr alırmış.

 

İsmayıl 6 ay idi ki, əsgərlikdə idi. Ata Nəsrullah İrapov ona sürpriz etməyə hazırlaşırmış – o, əsgərlikdən qayıdana qədər ikimərtəbəli ev tikdirəcəkdi, hətta bunun üçün hazırlıqlara da başlamışdı.

 

İsmayılın çox arzusu var idi: Rusiyaya gedib işləmək, evlənmək, bacısının ali təhsil almasına yardım etmək. Amma onun əsas arzularından biri həm də, kənd sakinlərinə və yoldan keçənlərə yararlı olması üçün evlərinin qabağına bir bulağın çəkilməsi idi.

 

İsmayılın xatirəsini, yaşadığı Əliabad qəsəbəsində evlərinin önünə valideynlərinin, onun ölümündən sonra çəkdiyi bulaq yaşadır. Gənc İsmayılın yoxluğuna yanan ürəkləri bu bulağın suyu sərinlədəcək.

 

BBC