Yasamalda dəhşət: ana əvvəl körpə uşaqlarını sonra özünü binadan atdı

 

Dekabrın 20-də, gecə saat 23:00 radələrində paytaxtın Yasamal rayonu, Kənar Dairəvi küçəsi, ev 28-də yaşayan 1991-ci il təvəllüdlü Nigar Cəfərovanın yaşadığı binanın dördüncü mərtəbəsindən özünü yerə atması barədə Yasamal Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi təmin edilib.

 

İlkin araşdırmalarla müəyyən edilib ki, Nigar Cəfərova həmin gün gecə saat 23:00 radələrində azyaşlı övladları – 2017-ci il təvəllüdlü Hüseyn Cəfərov və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın dördüncü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atıb, daha sonra isə özünü də həmin yerdən atıb.

 

İlkin məlumata görə, hər üçü kəllə-beyin travması alıblar, sınıq-çıxıqları və ya digər xəsarətləri yoxdur. Qadın istintaqa ilkin ifadəsində bildirib ki, əri Cavid Cəfərov narkomandır və azyaşlı oğlanlarını da narkotikə öyrəşdirmək istəyir. O deyib ki, ərinin bu hərəkətlərinə görə övladlarının narkotikə qurşanmaması üçün onları və özünü öldürmək qərarına gəlib.

 

Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılaraq həkimlərin müdaxiləsi nəticəsində sağ qalıb.

 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.