Vaqif Hacıbəyli Tofiq Zülfüqarova: “Həqiqəti deyənləri şərləməyin”

Azərbaycanda Rusiyanın təsir agentləri qismində fəallaşan qüvvələrin əsas ruporu kimi bu günlərdə çox fəal olan sabiq xarici işlər naziri Tofiq Zülfiqarov Rusiyanı tənqid edənləri Rusiya agentləri adlandırıb.

 

“Ən yaxşı müdafiə hücumdur” prinsipi əsasında Qarabagda işgalçı kimi davranan rus hərbçilərinə etiraz edənləri elə Rusiyanın agenti kimi təqdim etmək ləyaqətli davranış deyil. Hesab edirsiniz ki, Rusiyanın davranışları tənqid edilsə, bu Rusiya Türkiyə münasibətlərinə pis təsir edə bilər. Tofiq Zulfugarov, müharibə dövründə Siz təklif etmişdiniz ki, Naxçıvandan raketlə Yerevanı vurmaq lazımdır. Əgər bu addım atılsaydı, onda Türkiyə ilə Rusiya arasında münasibətlər necə olacaqdı? Niyə Rusiya – Türkiyə arasında müharibəyə səbəb ola biləcək təklif vermişdiniz?

 

Əslində, Tofiq Zülgüqarov kimilər faktiki təklənib. Azərbaycanda özünə hörmət edən heç bir analitik Rusiyanın Qarabagdakı missiyasını artıq vəsf etmir. Başlıcası, indi ictimai şüurda Rusiyanın Qarabağdakı fəaliyyəti ilə bağlı vahid mövqe mövcuddur. Artıq bəzi televiziyalarda Zülfüqarovun DTK agentləri kimi xarakterizə etdiyi şəxslərin rus hərbçilərinə qarşı arqumentləri iqtidara yaxınlıgı ilə tanınan ekspertlər tərəfindən də söylənilir.

 

Hesab edirəm ki, Azərbaycan iqtidarı da bu reallıqla barışmaq məcburiyyətində qalacaq və gec-tez baş verən proseslərin real siyasi qiymətini verəcək. Onda agent oldugu üçün demirəm, yenidən hansısa bir ölkəyə səfir getmək niyyəti ilə Tofiq Zülfüqarovun göstərdiyi bu yersiz canfəşanlıq bəlkə də heç dəyərləndirilməyəcək. Ona görə də özünüzə hörmət qoyun, Tofiq Zülfüqarov, həqiqəti deyənləri şərləməyin.

 

Milli Strateji Düşüncə Mərkəzinin, Qarabağ Komitəsinin, Musavat Partiyasının, digər partiyaların ortada konkret sənədləri var. Əgər bu sənədlərdə qeyd olunan məsələlərlə baglı konkret əks arqumentləriniz varsa, buyurun bu məsələləri qaldırın və cavabınızı alın.

 

Tofiq Zülfüqarov ictimai şüura aşılamaga çalışır ki, guya Rusiya Ermənistanla sərhədlərin demarkasiyasını və üç rayonun işgaldan azad olunmasını təmin edib. Bu da çox səhv yanaşmadır. Torpaqlarımızın işğaldan azad edilməsi qalib ordumuzun və ölkə rəhbərliyinin iradəsi ilə məglub Ermənistan rəhbərliyi tərəfindən məcburi şəkildə həyata keçirilir. Bu məsələdə Rusiya ya seyrçi mövqedədir (yaşayış evləri, meşələ yandırılanda), ya da erməniləri dəstəkləyir (Zəngilanda, Qubadlıda erməni sərhədçiləri ilə birlikdə onları qorumaqla).

 

Elə bu səbəbdən də Paşinyanı və Ermənistanın siyasi və hərbi rəhbərliyini xain hesab edən Qarabağ erməniləri bu gün Putini ilin adamı seçiblər. Əgər Putinə və onun Qarabağ siyasətinə Sizinlə Qarabağ ermənilərinin mövqeyi üst -üstə düşürsə, onda Siz kimin dayısısınız, cənab Zülfüqarov?

 

Yazı Vaqif Hacıbəylinin feysbuk səhifəsindən götürülüb.