31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Dekabrın 31-də Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilir. Həmrəylik Günü həm də dünyada yaşayan çoxmilyonlu azərbaycanlılar tərəfindən qeyd edilir.

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. O zaman Azərbaycan xalq hərəkatının fəalları Nemət Pənahlının rəhbərliyi ilə Şimali (Azərbaycan Respublikası) və Cənubi Azərbaycan (İran Azərbaycanı) arasındakı keçmiş Sovet İttifaqının qurduğu sərhəd dirəklərini dağıdıb.

 

Bu zaman İstanbulda keçirilən Türkdilli Xalqların Konfransı 31 dekabrda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunması barədə təklif verib.

 

1992-ci ildə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti qərar qəbul edib. Əbülfəz Elçibəyin həm də Azərbaycan Xalq Cəbhəsinin sədri kimi keçmiş SSRİ-nin İranla sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub.

 

Hər il Həmrəylik günundə Müsavat Partiyasının fəalları Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edir.

 

 

Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir, Azərbaycan Respublikasında isə dövlət bayramıdır.

 

Dünya ölkələrində azərbaycanlıların sayı barədə rəsmi statistika yoxdur. Ancaq bir çox nəşrlər hazırda dünyada 50 milyondan çox azərbaycanlının yaşadığını bildirir.

 

Müxtəlif mənbələrin məlumatlarına görə, İranda 30-35 milyon azərbaycanlı var. O cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.