İqtisadçı İlham Əliyevə cavab verdi: “O kağıza çox da bel bağlamayın”

Nemət Əliyev, iqtisadçı

 

Havada yellədiyiniz o kağıza çox da bel bağlamayın, İlham Əliyev!

 

O kağızdan birini də 10 noyabr gecə saatlarında oxuyurdunuz. Oxuyurdunuz ki, Qazax rayonunun kəndləri də erməni əsarətindən azad olacaq, Dağlıq Qarabağa təmas xəttinə 1960 rus hərbçisi yerləşdiriləcək. Nooldu? Cəhənnəmə getdi? Bəs rus “sülhməramlılarının 10 noyabrdan sonra Dağlıq Qarabağda çıxardıqları oyunlar haqqında necə, vardı o kağızda bir şey? Yəni deyirsinizki, kağıza inanıb 5000 rus əlisilahlısını 1960 nəfər görək? Xəyal edək ki, Xankəndində, Xocalıda, Ağdərədəyik?.. İndi nəyə güvənək: kağızamı, real həyatda yaşananlaramı?

 

Axı özünüz deyirsiniz ki, xoşagəlməz hallar bürokratlar tərəfindən ört-basdır edilirdi, sizə düzgün məlumatlar çatdırılmırdı. O məlumatlara bir azca inanmasaydınız, dövlətə aid milyonların bir qrup korrupsioner və rüşvətxorun cibinə axması haqqında ölkənin tanınmış iqtisadçılarının, elə həm də siyasətçilərinin vurduqları həyəcan təbillərini siz də eşitsəydiniz, inanıram ki, bu gün çox fərqli mənzərə olardı. Odur ki, sizə ötürülən hər raporta çox da arxlanmayın. Tənqidi fikirlərin səsləndiyi tərəfə dönməkdə də fayda var.

 

Dünən yazdığını bu gün pozan Dünya Bankının “Doing Business” hesabatında çox şey yazıla bilər. Əsas olanı isə ölkədaxili real vəziyyətdir. Azərbaycanda biznes iqlimi, investisiya iqlimi həqiqətən də yaxşıdırsa, o zaman xarici sərmayələrin illik həcminin son 5 ildə 6,8 milyard dollardan 2,9 milyard dollara düşməsini nəyin ayağına yazaq? Hər şey qaydasındadırsa, bəs niyə bu qədər xarici kapital ölkəni tərk edib? Bəs son 6 ildə yerli investorlarımızın illik sərmayələri 16 milyard dollardan 5 milyard dollara qədər azaltmasını haraya qoyaq? Sizcə, bunlar niyə “əlverişli biznes iqlimindən” qaçaq düşüblər? Hansı birini deyək? ÜDM-in 75,6 milyard dollardan 41,5 milyard dollara qədər azalmasınımı, kredit qoyuluşlarının 23,6 milyard dollardan 8,6 milyarda qədər enməsinimi, əhali əmanətlərinin 9,2 milyard dollardan 4,7 milyrd dollara qədər düşməsinimi, yoxsa son 6-7 ayda əhalinin həyat səviyyəsinin 21 faiz pisləşməsinimi? Sosial-iqtisadi göstəricilərin dinamikasını əks etdirən diaqramlar ölkə iqtisadiyyatının məhz düzgün aparılmadığını göstərir. Əks halda, hər şey üzüaşağı getməzdi.

 

 

Bəs nə təklif edirsiniz, cənab İlham Əliyev! Danışmayaq? Məgər iqtisadçılar ölkəni və milləti geri atan problemləri və onun doğuran səbəbləri gündəmə daşımayanda hər şey yoluna düşür, adamların həyat səviyyəsi yaxşılaşır? Yəni demək istəyirsiniz ki, bu millətin bir parçası kimi söz demək, fikir irəli sürmək haqqımız yoxdur?..

 

 

Basta