Araqarışdıran Rusiya

Bu əhvalatı köhnə kişilərdən biri danışmışdı…

 

Şamaxının mərkəz olan vaxtlarında əlində sanballı sərmayəsi olan, ticarəti yaxşı gedən ağsaqqal bir tacir var imiş. Tacirin övrəti vəfat edibmiş, yəni dul imiş. Evində xidmətçilər saxlayırmış.
Tacir tez-tez Təbrizdən Şamaxıya mal gətirməyə gedərmiş. Təbrizdəki iş ortağı xeyli cavan bir tacir imiş. O, da tez-tez Şamaxıya mal gətirərmiş.

 

Təbrizli gənc tacir Şamaxıya gələndə ağsaqqalın evinə düşərmiş. Ağsaqqalın evindəki rahatlığa, sakitliyə və səliqə-sahmana heyran qalarmış. Ağsaqqal tacir isə Təbrizli tacirin evinə gedəndə həmişə peşimançılıqla rastlaşarmış.

 

Təbrizli tacirin 3 arvadı var imiş. Evdə həmişə dava-dalaş salırlarmış.. Qonaq-qaranı da veclərinə almadan hərəsi bir tərəfdən qıy-qışdırıq salaraq dalaşarmışlar.

 

Bir gün Şamaxılı tacir Təbrizli ortağının evində olanda arvadlar arasında dava düşür. Cavan tacir əsəbləşir. Üzünü arvadlardan birinə çevirir. 3 dəfə ,,boş ol” deyir. Bu minvalla arvadlarının 3-nü də boşayır. Şamaxılıdan xahiş edir ki, 3-nü də özü ilə aparsın. İstəyir özünə arvad eləsin, istəməsə Araz çayını keçəndə suya tullayaraq öldürsün.

 

Ağsaqqal tacir arvadları götürüb yola çıxır. Yolboyu qadınlar yalvarır ki, bizi öldürmə özünə övrət et. Ağsaqqal tacir heç nə danışmadan Araz çayına çatır. Kiçik, 2 nəfərlik qayır kirələyir. Arvadlardan birini qayığa götürüb avarları işə salır. Cayın ortasına çatanda qayığı saxlayır və qadından soruşur:

 

– Nöqsanın nədir ?

 

– Mən oğruyam, evdə əlimə nə keçdi oğurlayıram.

 

– Eybi yoxdur,-deyə tacir arvadı qarşı sahilə çıxarır.

 

Geri qayıdıb qadınlardan 2-cisini qayığa mindirir. Cayın ortasında qayığı saxlayıb sual edir:

 

– Nöqsanın nədir?

 

– Nöqsanım ayağı sürüşkənlikdir. Xoşuma gələn kişi görəndə keçə bilmirəm, onunla yatmasan ölərəm.

 

– Eybi yoxdur,-deyə tacir qadını sahilə çıxarır.

 

Üçüncü qadını qayığa götürüb cayın ortasında həmin sualı təkrar edir:

 

– Nöqsanın nədir?

 

– Mən o biriləri kimi oğru, fahişə deyiləm. Nöqsanım dilimdir. Aranı qarışdırmaq peşəmdir. Söz gəzdirirəm. Onun sözünü buna, bunun sözünü ona çatdırıram. Dava-dalaş olmayan yerdə yaşaya bilmərəm. Üzünü mürdəşir yumuş keçmiş ərim məni şəhərə buraxmırdı. Yoxsa bir günün içində şəhəri bir-birinə qırdırardım. Məcbur olub evdə intriqa yaradırdım.

 

– Yox sənin nöqsanın düzələn deyil,-deyib kişi arvadı caya atır.

 

2 qadını da özü ilə götürüb evinə gətirir. Bütün əmlakının açarını oğru qadına verir. Ayağı sürüşkən qadın üçün arxaya çıxışı olan otaq ayırır. Tapşırır ki, mən gələndə həmişə qapını döyəcəm. Əgər yanında yad kişi olacaqsa arxa qapıdan yola sal getsin.

 

Az vaxt içində qadınlar bir-birinə mehribanlaşır. Araqarışdıran olmadığına görə biri-birinə ,,bacı” deyirlər. Bir yerdə oturub dərdləşirlər. Belə qərara gəlirlər ki, ağsaqqal kişi yaxşı adam olduğu üçün ona xəyanət etməsinlər. Oğru oğurluğunu, ayağı sürüşkən də gəzəyənliyini yerə qoyur.

 

Bu köhnə əhvalatı sabah, yanvarın 11-də Moskvada keçiriləcək üçtərəfli Rusiya, Azərbaycan və Ermənistan görüşünə görə xatırladım. Rusiya həmin araqarışdıran arvadın əməllərini siyasətə tətbiq etmişdir. Heç vaxt region ölkələri dava-dalaşsız keçinə bilməyəcək. Ta o vaxtadək ki, rusun özündən dəli biri çıxıb, onu susduracaq. Böyük mənada Rusiyanı öldürəcək bir güc mərkəzinə ehtiyac var.

 

İlqar Atabəyli