Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanıldı – Video
Azərbaycanda bu gündən insanların koronavirusa qarşı vaksinasiyasına start verilir.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Qeyd edək ki, birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı olan şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları vaksinasiya ediləcək. İkinci mərhələdə isə 50 yaş yuxarı ən azı bir xroniki xəstəliyi olanların vaksinasiyası həyata keçiriləcək.
Azərbaycan 2 milyon insan üçün 4 milyon doza Çin istehsalı olan “Sinovac” peyvəndi alıb. Vaksin bir insana iki dozada vurulacaq.
Poliklinikalarda tibb işçilərinin peyvəndlənməsi üçün iki kabinet ayrılıb.
Vaksinasiya olunmazdan əvvəl şəxslər “Peyvənddən əvvəl həkim müayinəsi” otağında yoxlanılacaq. Şəxsin hər hansı xəstəliyi (ürək əməliyyatı keçirməyibsə, qan xəstəlikləri, dördüncü dərəcəli onkoloji problemi, ağır allergiyası yoxdursa və s.), hərarəti və təzyiqi yoxdursa, onu vaksinasiya kabinetinə göndərirlər. Vaksinasiyadan sonra şəxslər 30 dəqiqə oturaq vəziyyətdə olmalıdır.
Bakı şəhəri A.H. Kazımov adına 1 saylı Şəhər Poliklinikasının baş həkimi Kübra Cabbarova Oxu.Az-a açıqlamasında bildirib ki vaksinasiya hər kəs üçün iki dəfə vurulacaq: “Birinci dozadan 21 gün sonra ikinci doza vaksin vurulur. Hər doza 0,5 qr olmaqla vurulacaq. Bütün proseslərin qeydiyyatı aparılacaq və heç bir gecikmə ola bilməz. Tam olaraq 21 gündən sonra növbəti vaksinasiya aparılacaq və bununla da proses tamamlanmış olacaq”.
Qeyd edəki ki, 18 yaşdan aşağı şəxslərə vaksin vurulmur.