Media müsabiqəsinin qaliblərinin adları açıqlandı
“Qadınlar Arasında nəmrəylik” İctimai Birliyi jurnalistlər arasında media müsaqibəsi keçirib.
“Azərbaycanda məişət zorakılığı: problemlər və həlli yolları” mövzusunda keçirilən məqalə müsabiqəsinin qaliblərinin adları bu gün açıqlanıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Resurs Mərkəzində 24 mayda keçirilən müsabiqə qaliblərinin mükafatlandırılması təqdimatında çıxış edən Birliyin sədri Ruhəngiz Hüseynova bildirib ki, 15 aprel-15 may aralığında davam edən müsabiqəyə ümumilikdə 11 məqalə təqdim edilib. Məqalələrin qiymətləndirilməsi üçün yazıçı publisist Zümrüd Yağmur, “Demokratiyanı Öyrənmə” İB sədri Mirəli Hüseynov və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli olmaqla 3 nəfərdən ibarət Qiymətləndirmə Komissiyası yaradılıb.
Komissiya məqalələri öncədən bəyan edilən 6 meyar üzrə qiymətləndirib. Qiymətləndirmənin nəticəsi olaraq “Zorakılığın xronikləşməsi bizi hara aparır?” məqaləsi ilə I yerin qalibi Azər Əli, “Məişət zorakılığı ailədaxili məsələ deyil, gender problemidir” məqaləsi ilə II yerin qalibi Könül Alı və “Evi məzarına çevrilənlər: Mühafizə orderi qadınları necə qoruyur?” məqaləsi ilə III yerin qalibi Elnarə Kərimova olub. I yerin qalibi 1000 manat, II yerin qalibi 800 manat, III yerin qalibi isə 700 manat pul məbləği ilə mükafatlandırılıblar.