Müsavat Divanının gündəliyi: Qarabağda durum, şəhidlərin ziyarəti, Navalnının həbsi
Yanvarın 18-də Müsavat Dıvanının növbəti iclası keçirilib.
Partiyanın Mərkəzi qərargahında keçirilən iclasda ölkədəki ictimai-siyasi vəziyyət və Yuxarı Qarabağla əlaqədar aparılan danışıqlar müzakirə edilib, qurumun mətbuat xidməti məlumat verir.
Qeyd edilib ki, rəsmi Bakı Rusiyanın vasitəçiliyi olmadan Ermənistanla birbaşa danışıqlara üstünlük verməli, qarşı tərəf status məsələsini gündəmə gətirəcəyi təqdirdə, Zəngəzur ilə Yuxarı Qarabağa simmetrik status verilməsi təklifini irəli sürməlidir.
Müsavat Divanı yanvarın 20-də saat 14:00-da partiya rəhbərliyi səviyyəsində Şəhidlər Xiyabanını ziyarət etmək, pandemiya ilə əlaqədar sosial məsafəni qorumaq zərurətini nəzərə alaraq, yerli təşkilatların ziyarət tədbirlərinin başqa günlərə keçirilməsi haqda qərar qəbul edib.
Müsavat Divanı rusiyalı siyasətçi Aleksey Navalnının həbsini Rusiyada insan haqlarının kobud şəkildə pozulması və Putin rejiminin öz opponentlərinə qarşı repressiya siyasətinin davamı kimi qiymətləndirib, onun azadlığa buraxılmasını tələb edib.
Divanın toplantısında Avropa Liberal Demokratik İttifaqının (ALDE) yanvarın sonunda və fevralın əvvəlində keçiriləcək növbəti toplantılarında partiya başqanı Arif Hacılının iştirak edəcəyi haqda məlumat verilib.
Sonda cari məsələlər müzakirə edilib.
Basta