Rusiyada Navalnı tərəfdarları yenidən küçələrə çıxdı – Canlı yayım
Yanvarın 31-də Rusiyada müxalif siyasətçi və Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının azad olunması tələbilə növbəti aksiyalara start verilib.
Ötən həftə müxtəlif şəhərlərdə keçirilən aksiyada 4 minə yaxın etirazçı saxlanılsa da, Navalnı tərəfdarları yenidən küçələrə çıxıb.
Rusiyanın Vladivostok, İrkutsk, Omsk, Tomsk, Novosibirsk şəhərlərin 27-30 dərəcə şaxta olmasına baxmayaraq minlərlə insan aksiyalara qatılıb. Polis aksiyalara müdaxilə edir, fəallar saxlanılır. Saxlanılanların arasında Omsk şəhər Dumasının deputatları da var.
Yekaterinburq və Perm şəhərlərində aksyalarda iştirak edənlərin ötən həftə olduğundan daha çox olduğu bildirilir.
Moskva və Sankt-Peterburq şəhərlərində polislə mitinqçilər arasında qarşıdurmaların olduğu, OMON-çular tərəfindən bir sıra meydanların mühasirəyə alındığı qeyd edilir. Buna rəğmən etirazçılar “Putin vor” şüarını səsləndirir.
Yanvarın 18-də Moskvanın Ximki rayon məhkəməsi Rusiya prezidenti Vladimir Putinin ən fəal tənqidçisi olan Aleksey Navalnının 30 sutka inzibati həbs olunması barədə qərar çıxarıb və o “Matrosskaya tişina” istintaq təcridxanasına yerləşdirilib. Məhkəmə iclası prosesual qanunvericiliyə zidd olaraq polis idarəsinin binasında keçirilib.
Ötən ilin avqust ayında Navalnı səhhəti qəfildən pisləşdikdən sonra koma vəziyyətində Almaniyaya aparılıb. Onun Rusiyada “Noviçok” zəhəri ilə zəhərləndiyi, bu əməliyyatda Rusiya xüsusi xidmət orqanlarının iştirak etdiyinə dair ciddi sübutlar ortaya qoyulub.