Nikbinliyə tərəf getməliyik
Jurnalistlərin Füzuli, Cəbrayıl, Zəngilana səfərini özündə əks etdirən reportajlara baxarkən düşmən blindajındakı İsa peyğəmbərin şəkli asılmış guşə adama bir ayrı təsir bağışlayır. Dünya əhalisinin böyük bir hissəsini özündə cəmləşdirən xristianlığın inanc sütunu sayılan bu xəyali varlıq görəsən baş verənlərə öz-özlüyündə nə deyirdi? Məncə, gündəlik çörəyini dəqiqəbaşı bir əsgər anasını ağlar qoymaqdan çıxaran snayperçinin ondan günahını bağışlamağını xahiş edəndə çıxılmaz vəziyyətlə üzləşib. Uca Allahın ədalət, humanizm çağırışlarını bu günah həvəskarlarına başa salmağın nə qədər çətin olduğunu anlayıb.
Belə fikirlərın daxilimdə baş qaldırdığı zaman yaddaşımda 1992-ci ildə baş verən hadisələrdən biri kino süjeti kimi canlandı. Mən o vaxt kəndimizdə uşaq bağçasında tərbiyəçi-müəllim işləyirdim. Bir gün uşaqların arasında 3-4 yaşlarında tanımadığım bir qız gördüm. İşçilərdən onun kim olduğunu soruşdum. Dedilər ki, ermənilər yaşadıqları kəndi tərk edərkən özləri ilə aparmağa imkan tapmayıblar. Könüllü batalyonun rəhbərliyində olan Eldar müəllim onu özü ilə evinə gətirib. Səhv etmirəmsə, ona Sevil adını qoymuşdu. Həmin uşağı öz valideynlərinə də rəsmi yolla çatdırmışdı. Onu da bildirim ki, haqqında danışdığım mərhum Eldar Quliyev Əfqanıstan müharibəsində jurnalist kimi iştirak etmişdi.
Bu − bizim xalqın böyüklüyünü, alicənablığını, kişiliyini bildirən bir hərəkət. Bu da − Xocalıdakı uşaqları əllərindəki silahla məhv edib prezident seçilən Köçəryanın, Sərkisyanın əməli. Vəziyyətin mahiyyəti göz qabağındadır. Belə olan halda qaranlıq bir məsələ ondan ibarətdir ki, istər rus, istər ingilis, alman, yapon, ərəb… və s. sülhməramlısı yaraya necə məlhəm olacaq? Dünyada bu məsələnin həlli tapılmış olsaydı, münaqişə ocaqlarının sayı 50-yə çatmazdı. İnsanların kütləvi qırğınından savayı heç nə vəd etməyən ərazi münaqişəsi alovlanma təhlükəsindən uzaqlaşdırılmalıdır. Belə bir proses isə daha çox ölkələrdə dövlət çevrilişləri, hakimiyyət-iqtidar əvəzlənməsi zamanı yaranan boşluqdan özünə yol tapır. Belə çıxır ki, ərazi münaqişəsi mahiyyəti etibarı ilə qonşumuzun bizim kandarımıza həvəslə yerləşdirdiyi minaya bənzəyir.
Bəs minatəmizləyən özü də minaya düşürsə?.. Yenə də nikbinliyə tərəf getməliyik!
Nəzakət Muradova
Cəbrayıl rayonu, Quycaq kəndi