Qərb Navalnının həbsinə sərt reaksiya verir
Moskva məhkəməsi fevralın 2-də müxalifət siyasətçisi Aleksey Navalnın islah-əmək koloniyasına göndərilməsi barədə qərar qəbul edib.
Fevralın 2-də Rusiyada müxalifət lideri Aleksey Navalnının məhkəmə qərarı ilə azadlıqdan məhrum edilməsi Qərbdə geniş hiddətə səbəb olub.
Birləşmiş Ştatlar, Britaniya, Kanada ə Avropa İttifaqı dərhal və sərt bəyanatlarla çıxış edib.
ABŞ-ın dövlət katibi Entoni Blinken deyib ki, Vaşinqton Navalnının həbsindən “dərindən narahatdır”, AzadlıqRadiosu məlumat verib.
O Rusiyanı siyasi fəalı və onu dəstəklədiklərinə görə saxlanmış minlərlə etirazçını dərhal azad etməyə çağırıb.
Blinken bildirib ki, Rusiya sərbəst toplaşma və ifadə azadlığına dair beynəlxalq öhdəliklərinə əməl etməsə, Vaşinqton və onun Qərb müttəfiqləri buna sərt reaksiya verəcəklər:
“Biz hətta ABŞ maraqları üçün Rusiya ilə işləsək də, Rusiyadan öz vətəndaşlarının haqqını tapdaladığına görə hesabat tələb etmək üçün müttəfiqlərimizlə koordinasiyada hərəkət edəcəyik”.
Birləşmiş Krallığın xarici işlər naziri Dominik Raab deyib ki, Moskva məhkəməsinin qərarı Rusiyanın beynəlxalq icmanın hər bir məsuliyyətli üzvündən gözlənilən elementar öhdəliklərə əməl etmədiyini göstərir.
Fevralın 4-6-da Moskvaya səfəri gözlənilən Avropa İttifaqı xarici işlər komissarı Yosep Borrell Navalnını həbsini “qanunsuz və əsassız” adlandırıb.