Dövlətin 5 milyon manatını mənimsəməkdə ittiham olunanlar həbs edilib

Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxsin dairəsi müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətlərin məlumatına görə, dəstəyə rəhbərlik edən Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri də daxil olmaqla ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanılaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, dəstə üzvləri tərəfindən yaradılan“High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsilə cari ilin 3 ayı ərzində respublikanın ayrı-ayrı bölgəsindən 2 000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb. Daha sonra kartlardakı pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40% ödəniş müqabilində nağdlaşdırılıb. Bu qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5 000 000 manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinat üzrə istifadədən yayındırılaraq dəstə üzvləri tərəfindən mənimsənilib.

Araşdırma zamanı müəyyən olub ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvləri barəsində Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslər, onların ailə üzvləri və vəkilləri hələ ittihama münasibət bildirməyib.

Amerikanın səsi