Mina partlayışının növbəti qurbanları

Fevralın 4-də Füzuli rayon sakini Şahin Quliyev rayon polis şöbəsinə müraciət edərək qardaşı Mehman Quliyevin, rayon sakinləri İlqar Əhmədovun və Müstəqim Ələsgərovun itkin düşmələri barədə məlumat verib.

 

Cəbrayıl Rayon Prokurorluğundan bildiriblər ki, məlumat əsasında aparılmış ilkin araşdırmalarla fevralın 7-də İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndi ərazisində tank əleyhinə minaya düşərək partlaması müəyyən olunub.

 

Faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti aşkar olunub.

 

Hazırda digər şəxslərin yerinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Bizim şərh:

 

Füzuli sakinlərinin Cəbrayılda minaya düşməsini anladıq – kiməsə 5-3 manat verib ora girə biliblər, bu hələ dərdin yarısıdır.

 

Anlaşılmayan budur ki, maşın, tank əleyhinə minaya düşdükdən sonra fevralın 4-dən 7-dək 3 gün bundan heç kəs xəbər tutmayıb. Heç kim səs eşitməyib, tüstü görməyib, o yoldan keçən də olmayıb.
İşğaldan azad olunan ərazilərə nəzarət bu səviyyədədirmi? Heç olmasa bir dron uçurdub, orada nələrin baş verdiyini izləyən yoxdurmu?

 

Anlaşılmayan başqa məsələ itkin düşən 3 nəfərdən birinin cəsədinin minaya düşən maşında tapılması, digər ikisinin isə ümumiyyətlə tapılmamasıdır. Olmaya, nəzarətsizlikdən istifadə edən ermənilər, yaxud ruslar onları əsir götürüb?

 

Bu, çox narahatlıq doğuran suallardır, təəssüf ki prokurorluğun açıqlamasında bu suallara cavab yoxdur. Müdafiə Nazirliyi, DİN və yaxud yerli komendatura bu suallara cavab verməlidir.

 

Basta