Qətlin cinsi
Könül Alı
Kişi öldürüləndə qatilin kimliyi, qadın öldürüləndə isə qətlin səbəbi axtarılırsa…
Qadının şiddətə məruz qaldığı, psixoloji, iqtisadi zorakılıqla üz-üzə durduğu ailədə sağlam düşüncəli, azad ruhlu övladlar böyüyə bilməz.
Bir çoxlarının qadına şiddətə bəraət qazandırdığının, “qadın azadlığı” deyiləndə müxtəlif yönlərə çəkərək, qadının azadlıq fikrini beşikdə boğmaq cəhdini görürük.
Təəssüf ki, fundamental azadlıqların əsası olan qadın azadlığına qarşı çıxanların arasında, insan azadlığını öz fəaliyyətində prioritet kimi göstərənlər də var.
-Bu gün məişət zorakılığı zəminində qadın qətl olunursa, “insan haqları müdafiəçiləri” məsələyə laqeydlik göstərirsə onların saxta liberallığı cəmiyyətə lazım deyil.
-Bu gün anası gözünün qarşısında döyülən, qətlə yetirilən uşağın sabah sizə qoşulub “insan haqları” müdafiəçisi olmasını gözləməyin.
Anası gözünün qarşısında döyülən uşaq mənən qorxaq, nifrət dolu böyüyəcək. Ondan nə cəmiyyətə, nə də özünə fayda yoxdur.
-Bu gün çalışaraq həyatını qazanmağına imkan verilməyən, daimi gözü ər, ata əlində olan qadının böyütdüyü övladdan sabah iqtisadi hüquqları pozulan zaman hüquqlarını tələb edən övlad gözləməyin.
Son günlər qadın qətllərinin, məişət zorakılığının siyasi əməl olub-olmadığı mübahisələndirilir.
Məişət zorakılığı özü özlüyündə siyasi olmayan hüquq pozuntusu kimi həllini tapmırsa, əksinə, çevrə və dövlət buna göz yumursa, məsələ siyasiləşir.
Siyasi adlandırılması arzu olunmursa, həmən hüquqi qiymətini almalıdır.
Dövlət bunu etmir. Cəmiyyətin yükü ağırlaşır.
Cəmiyyət isə məsələyə birmənalı yanaşmır. Cəmiyyətin mövqeyini ifadə etdiyi platformalarda bəzən qadın qətllərinə bəraət verən bir axın formalaşır.
Bu zaman qadın azadlıqları fundamental azadlıqlardan ayrılır, önə çıxır. Çünki qadınların hüquqlarını pozan dövlətdən öncə cəmiyyət, ailə, çevrə olur. Bəzən kükrəyərək nifrət seli püskürən bir cəmiyyət, bəzən isə səssiz, laqeyd qalaraq qətllərə haqq qazandıran kütlə görürük.
Bu münasibətin özü insan haqlarına hayqırıdır. Hüququ pozulan insanın haqqını savunmaq insan azadlıqlarının təməl prinsipidir. Savunmuruqsa özümüzün pozduğu hüquqları dövlətin daha geniş çapda etməyindən narahat olmamalıyıq.
Qadın hüquqlarını müdafiə etməyənlərin, siyasi ayrıseçkiliklə üzləşənlərin hüquqlarını müdafiə etməsi gülüncdür.
Fundamental hüquqlar – insanların haqqı olduğu əsas hüquqlar və azadlıqlardır. İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir.
Kişi öldürüləndə qatilin kimliyi, qadın öldürüləndə isə qətlin səbəbi, ölənin günahı, düsuru axtarılırsa, yaxud ön plana çıxarılırsa, bu, fundamental hüquq anlayışını çeynəməkdir.
Qadının yaşamaq haqqı var. Qadın qətlləri cinsi ayrı seçkilik qoyulmadan ictimai və hüquqi qiymətini almadıqca, qadın qətlləri siyasidir.
Min bir işgəncə ilə qətlə yetirilmiş qadını mühakimə etmək haqqı qazandığını hesab edənlər isə unutmamalıdır ki, mühakimə etmək yalnız hüququn haqqıdır. Hüquq insan qətlinə qarşıdır.
Qadın qətlləri intensivləşdikcə mənzərə daha aydın görünür. Qadın haqları məsələsinin həllini tapması üçün yolumuz uzundur.
Gerçək budur ki, insan haqları deyərək bağıran cəmiyyət, qanun-qanun deyən dövlət də hüquqsuzluq, qanunsuzluq girdabında boğulur.
Basta