Siyasi məhbus ailələri ABŞ səfirliyi qarşısında aksiya keçirib
Fevralın 9-da siyasi məhbus kimi tanınan şəxslərin bir qrup ailə üzvləri ABŞ-ın Azərbaycandakı Səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.
Aksiyada xeberman.com saytının baş redaktoru Polad Aslanov, Azel.TV saytının rəhbəri Əfqan Sadıqov və Gəncə məhbuslarının ailə üzvləri iştirak edib.
Etirazçılar bütün siyasi məhbuslara azadlıq və bəraət yazılmış bannerlər, jurnalistlər Polad Aslanov və Əfqan Sadıqov, Gəncə məhbuslarının fotolarını qaldırıb.
Onlar ABŞ-ın Azərbaycandakı Səfirliyi də daxil olmaqla bütün xarici təşkilatları, nümayəndəlikləri siaysi məhbus kimi tanınan şəxslərin məhkəmə proseslərində iştirak etmələrinə çağırıb.
“Biz sivil qaydada etiraz edirik və ABŞ səfirliyinin qarşısına gəlmişik ki, ədalətsiz məhkəmə hökmlərinə son qoyulsun. Onlar bizim şərlənmiş yaxınlarımızın məhkəmə prosesində iştirak etsinlər. Aidiyyatı üzrə Azərbaycanda döymədiyimiz qapı, dövlət orqanı qalmayıb,” Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova deyib.
Siyasi məhbus ailələri məhkəmələrin ədalətsiz keçirilməsinə etiraz edib.
Polad Aslanov və Əfqan Sadıqovun həyat yoldaşları hər iki jurnalistin aclıq aksiyası keçirdiklərini və səhhətlərində problemlər olduğunu da xatırladıb.
Onlar habelə vurğulayıblar ki, Əfqan Sadıqov 90 gündən çoxdur, Polad Aslanov isə 10 gündür həbslərinə etiraz olaraq aclıq aksiyası keçirirlər. “Hara baxır Azərbaycan hakimiyyəti? Niyə bu həbs olunmuş şəxslərin ana-bacılarını, yaxınlarını, övladlarını küçələrə salırsınız?” onlar sual ediblər.
Polislər etirazçıların qaldırdığı şüarları və fotoları əllərindən alaraq cırıb. Bu da etirazçıların qəzəbinə səbəb olub.
Aksiya ilə bağlı ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerikanın Səsinə bunları deyib:
“Biz bütün insanların dinc şəkildə etiraz etmək və azad toplaşma hüquqlarını dəstəkləyirik.”
Aksiyada səslənən fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma koronavirus pandemiyası ilə bağlı Azərbaycanda ötən ildən kütləvi toplantıların dayandırıldığı açıqlanıb.
Azərbaycanda neçə siyasi məhbus var?
“Azərbaycan siyasi məhbuslarına azadlıq uğrunda” İttifaq siyasi məhbusların yenilənmiş siyahısını dərc edib.
Təşkilatın məlumatına görə, siyahıya 146 nəfərin adı daxil edilib.
Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar haqqında qətnamə qəbul edib.
Ötən il yanvarın 30-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul edib.
Qətnamə layihəsi Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanıb.
Müzakirələr zamanı deputatların əksəriyyəti hesabatı dəstəkləyib.
Qətnamə 28 əleyhinə olmaqla 82 səs çoxluğu ilə qəbul edilib. Təxminən bu nisbətlə tövsiyələr qəbul edilib.
Qətnamədə Azərbaycanda “sistemli xarakter” daşıyan siyasi məhbus problemi ilə bağlı ciddi narahatlıq ifadə olunub.
Hakimiyyət təmsilçiləri istər tənqidçilərin susdurulması, istərsə seçkilərdə saxtakarlığa dair indiyədək səslənən fikirləri rədd edir, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.
Amerikanın səsi