Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verib

Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib. Bunu “Turan” İnformasiya Agentliyinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib:

 

“Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə təqdim edib. Ərizə Azərbaycan vətəndaşları yox, Azərbaycan hökuməti tərəfindən təqdim edilib”.

 

Kamal Cəfərov hesab edir ki, burada əsas məqsəd Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələrinin birbaşa pozuntusunu sübut etməkdir:

 

“Hesab edirəm ki, müəyyən çətinliklər olsa da, qarşıya qoyulmuş hədəfə çatacağıq. Birincisi, bu bizim haqq və beynəlxalq ədalət uğrunda mübarizəmizdir. İkincisi, AİHM təcrübəsində dövlətlərə qarşı bu cür iddialar qaldırılıb, bizim ərizəmizin də xeyrinə olan işlər var”.

 

Kamal Cəfərovun sözlərinə görə, ərizədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu Ermənistanın işğal etməsi nəticəsində vətəndaşların bir sıra hüquqlarının pozulması məsələləri qaldırılır:

 

“Həmçinin, Azərbaycanın 3890 vətəndaşının itkin düşməsi (Birinci Qarabağ Müharibəsində) və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürülür”.

 

Deputatın açıqlamasına görə, orada 44 günlük müharibə zamanı (İkinci Qarabağ Müharibəsi) Ermənistan Respublikası silahlı qüvvələrinin Cenevrə Konvensiyalarına zidd olan əməlləri, hərbi əməliyyatlar zonasından uzaq şəhər və kəndlərin, mülki infrastrukturun kasetli, fosforlu mərmilər, uzaqmənzilli ballistik raketlər ilə atəşə tutmasından bəhs edilib:

 

“Bunun nəticəsində 93 şəxsin, o cümlədən 12 uşağın, 28 qadının həlak olması, 423 şəxsin yaralanması, Gəncə şəhərində çoxmənzilli 10 bina daxil olmaqla 264 evin tamamilə dağıdılması, 9294 fərdi evə və digər əmlaklara ziyan vurulması barədə sübutlar təqdim edilərək İnsan Hüquqları üzrə Avropa Konvensiyanın pozulması əsaslandırılır”.

 

Deputatın sözlərinə görə, bu, dövlətlərarası səviyyədə Ermənistana qarşı ilk işdir.