Bakı, Sumqayıt və Abşeronda bəzi siniflər üzrə ənənəvi tədris qismən bərpa olunur, uşaq bağçaları açılır

Bu gündən Bakı, Sumqayıt və Abşeronda yerləşən ümumi təhsil müəssisələrinin V-IX siniflərində ənənəvi tədris forması qismən bərpa olunur.

Təhsil Nazirliyi açıqlayıb ki, bu gün Bakı üzrə 225.692 nəfər, Sumqayıt üzrə 27.675 nəfər, Abşeron üzrə isə 29.216 nəfər V-IX sinif şagirdi məktəbə gedir.

 

Qurum bildirib ki, sözügedən bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, I-IV siniflərdə həftədə 3 dəfə, V-IX siniflərdə həftədə 2 dəfə olmaqla ənənəvi şəkildə təşkil ediləcək. Xüsusi məktəblərdə isə I-IX siniflər üzrə tədris həftədə 5 dəfə olmaqla bərpa edilir.

Bu gündən uşaq bağçalarının da fəaliyyəti bərpa olunur.

Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda 8 fevral tarixindən V-IX siniflərdə ənənəvi tədris forması qismən bərpa olunub. Ölkə üzrə ibtidai siniflər və məktəbəhazırlıq üçün ənənəvi tədris isə 1 fevral tarixindən qismən davam etdirilir.

BBC