Nərmin Şahmarzadə: “Davam etdirəcəm” – Video-müsahibə

İctimai fəal Nərmin Şahmarzadənin Feysbuk-dakı şəxsi profili naməlum şəxslər tərəfindən sındırılıb. Profil fəalın mobil telefonları və elektron poçtuna bağlanmışdı və iki kompüter proqramı ilə qorunurdu.

“Çətin sual” verilişinə müsahibəsində o, hesabının Baksell və Azərsell mobil şirkətlərinin icazəsi ilə sındırıldığı ilə bağlı şübhəsini dilə gətirib.

 

 

Bu zaman hesabın sındırılması üçün onun şəxsiyyət vəsiqəsindəki məlumatlardan istifadə olunub, bu barədə Feysbuk profil sahibini məlumatlandırıb.

 

Şahmarzadə naməlum hakerin telefon və elektron poçt fraqmentlərini görə bilir, amma bütünlükdə onun məlumatları əlçatmazdır. Nərminin mobil operatorlardan həqiqəti öyrənmək cəhdləri uğursuz olub.

 

Hakerlər onun profilindən polis haqqında, hakimiyyətin siyasəti haqqında bütün tənqidi yazıları, fotoşəkilləri siliblər. Nərminin şəxsi xarakterli məlumatlarını, montaj edilmiş şəkillərini, yazışmalarından fraqmentləri, ölkədəki hadisələr haqqında dediyi sözləri əlavə ediblər. Bəzi məlumatlar tamamilə uydurmadır, deyə o, “Çətin Sual” verilişinə müsahibəsində bildirib.

 

2021-ci il martın 8-də feministlərin polis tərəfindən dağıdılan icazəsiz aksiyasından əvvəl də onun profilinə hücumlar olub, hesabın sınıdırılması isə mitinqdən sonra baş verib. Şahmarzadə əmindir ki, hesabı hakimiyyətin sifarişi ilə sındırılıb, belə ki, ayrı-ayrı şəxslər bunun üçün zəruri resurslara malik deyillər.

 

Nərmin Şahmarzadə 2018-ci ildə paylaşdığı qəhrəman Mübariz İbrahimovla bağlı cəmiyyət arasında populyar olmayan şəxsi fikri ilə məşhurdur. O, ictimaiyyətin kəskin tənqidinə məruz qalıb, bəziləri isə hər kəsin öz mövqeyini ifadə edə biləcəyini düşünərək, onu müdafiə ediblər. Həmin vaxt onun mənfi məşhurluğuna hakimiyyətyönlü mətbuatın və Milli Məclisin o vaxt məşhur olmayan adi vətəndaşın şəxsi fikrinə gözlənilməz diqqəti səbəb olmuşdu. Hakimiyyətin Şahmarzadənin yazısına hədsiz diqqətindən sonra cəmiyyətdə onun mövqeyi müzakirə olunmağa başlayıb, baxmayaraq ki, onun fikrincə, xalqın ondan daha aktual çox sayda problemləri var idi.

 

O, əbəs hesab etdiyi üçün DİN-ə şikayət verməyib. Şahmarzadə hakerlərin tapılıb cəzalandırılması tələbi ilə məhkəməyə ərizə vermək niyyətindədir. Azərbaycan məhkəmələri Nərminin gözlədiyi qərarı qəbul etməsə o, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcək.

 

Hakimiyyət üçün xoşagəlməz digər ictimai fəalların hesablarına da haker hücumları olub. Ötən il Gülnarə Mehdiyevanın profilinə belə bir hücum olub. Bir neçə il əvvəl hakimiyyəti tənqid edən jurnalistin yataq otağında gizlicə çəkilmiş intim xarakterli videogörüntülər şəbəkəyə yerləşdirilmişdi. Nərmin hesab edir ki, hakimiyyət bu yollarla ictimai fəal vətəndaşları cəmiyyətdə rüsvay etməyə çalışır. Bu səylər səmərəsizdir, N.Şahmarzadə fəallığını davam etdirmək niyyətindədir.

 

Turan