Rusiya sülhməramlıları terrorçu dəstəni Qarabağa buraxıblar
Martın 11-də Ermənistanın rəsmi “Armenpress” agentliyi Qarabağ separatçılarının lideri Araik Arutyunyanın martın 10-da N saylı hərbi hissənin hərbi qulluqçularını qəbul etməsi və onlara “dövlət mükafatları” təqdim etməsi barədə məlumat dərc edib.
Maraqlıdır ki, mükafatla təltif edilən bütün şəxslər Azərbaycanda terrorçu kimi tanınmış dəstənin üzvləridir. Bu dəstənin komandiri Vova Vartanov barəsində axtarış elan edilib və ona qarşı bir neçə maddə ilə cinayət işi açılıb.
Arutyunyan bu hərbiçilərlə görüşdə dəstə üzvlərinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, məhz onların sayəsində Azərbaycan Silahlı Qüvvələri Qırmızı Bazar qəsəbəsini ələ keçirə bilməyib.
Dərc edilmiş fotoşəkildən göründüyü qədər, ən az 10 hərbiçi mükafat alıb. Bu zaman belə bir sual yaranır: Rusiya sülhməramlıları bu hərbiçiləri Qarabağa necə buraxıblar? Rəsmi Bakı sülhməramlıların rəhbərliyi qarşısında bu sualı qaldırmalı və izahat tələb etməlidir.
Maraqlıdır ki, Qarabağda hərbi əməliyyatlar zamanı Vartanovun könüllülərdən ibarət batalyonu (350 nəfər) Ermənistan Silahlı Qüvvələrinin ştatına keçirilib. Bu hərbi hissəyə ayrıca nömrə verilib.
* Noyabrın 3-də Azərbaycan Baş Prokurorluğu VOMA təşkilatını və onun lideri Vova Vartanovu Qarabağda ermənilərin tərəfində döyüşən terrorçular adlandırıb.
Adı çəkilən təşkilatın üzvlərinin Azərbaycan vətəndaşlarına qarşı terror fəaliyyətində iştirak etdiyi, Azərbaycanın müxtəlif bölgələrində çoxsaylı cinayətlər, partlayışlar, yanğınlar və xüsusi amansızlıqla digər əməllər törətdiyi müəyyən edilib.
Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibə aparma), 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən adam öldürmə), 279.3 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma), 318.2-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi açılıb, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
Öz növbəsində, ermənilər VOMA-nın sadəcə olaraq gənclərin tərbiyəsi ilə məşğul olan hərbi vətənpərvərlik birliyi olduğunu iddia edirlər.
Turan