General Rövşən Əkbərov həbs olundu

Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Qurumun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Rövşən Əkbərovun həbsi barədə yayılan xəbərlər doğrudur. Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub.

 

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

 

Rövşən Əkbərovun barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbirinin seçildiyi bildirilir.

 

“Qafqazinfo” generalın həbsinin səbəblərini əldə edib. Belə ki, bir müddət əvvəl ordudan ehtiyata buraxılan Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur. Bu barədə vaxtı ilə mətbuatda məlumatlar da yer alıb.

 

Dövrü mətbuatda vaxtı ilə yayılan məlumatlara görə, cinayət işi 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib.

 

Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. O vaxt mətbuatda yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi.