Əfv gözlənilir
Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının sonuncu iclası başa çatıb.
Komissiya üzvü Əliməmməd Nuriyev bildirib ki, komissiya ümumilikdə 1000-dən artıq müraciətə baxıb.
Hüquq müdafiəçisi Səidə Qocamanlı deyib ki, Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu adından komissiyaya əfvlə bağlı siyahı təqdim edilib.
“Siyahıda həbsdə olan jurnalistlərin, blogerlərin, siyasi partiya üzvlərinin, dindarların, ömürlük cəza çəkənlərin adları var,” o qeyd edib.
Əfv Məsələləri Komissiyası bu il martın əvvəlindən iclaslarını keçirir, bu gün Komissya özünün sonuncu – 10-cu iclasını keçirib.
Müşahidəçilər Novruz Bayramı ərəfəsində əfv olacağına ümid edir.
Azərbaycanda artıq iki ilə yaxındır bütün kateqoriyalardan olan müraciətlərlə bağlı ölkədə əfv sərəncamı olmayıb.
Son kütləvi əfv sərəncamı 2019-cu il martın 16-da olub. Bu sərəncam 431 nəfərə şamil edilib, onların 51 nəfəri yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınanlar olub.
Ötən il aprelin 7-də COVID-19 pandemiyası ilə bağlı 65 yaşından yuxarı risk qrupuna daxil olan məhbusların müraciətinə baxılıb, 176 şəxs əfv olunub.
Son aylarda çoxsaylı hüquq-müdafiə təşkilatları ölkə başçısına müraciət edərək əfv və ya amnistiyanın vacibliyini xatırladıb. Hüquq müdafiəçiləri həmçinin siyasi məhbus kimi tanınan yüzdən çox məhbusun əfvini xahiş edib.