“İsgəndər” raketləri haradan atılıb? ANAMA rəsmisindən “Şimal-şərq” işarəsi

Şuşa ətrafında qalıqları tapılan “İskəndər” raketinin hansı istiqamətdən atıldığı araşdırılır.

 

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov deyib.

 

O bildirib ki, raketlərin hansı istiqamətindən atıldığını xüsusi radar vasitəsilə müəyyənləşdirmək olur:

 

“Bizdə hazırda bu barədə məlumat yoxdur. Raketin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil.

 

ANAMA humanitar təmizlənmə əməliyyatlarını həyata keçirir. Biz Şuşada bir-birindən 780 metr aralıqda düşən raket qalıqları aşkar etmişik. Onlardan biri Şimal-Şərq istiqamətinə, digəri isə onun əks istiqamətində aşkarlanıb”.

 

Müşahidəçilərin fikrincə, ANAMA rəsmisinin bu sözləri raketlərin məhz Rusiyadan atıldığına işarə kimi dəyərləndirilə bilər. Əks təqdirdə, o, qalıqların tapıldığı nöqtələrin istiqamətini ifadə etmək üçün Cənub-qərb ifadəsindən də yararlana bilərdi. Məlumdur ki, bu raketlərin uçuş trayektoriyası 500 kilometrdir. Şuşadan 500 kilometr Şimal-şərqdə isə Rusiya yerləşir.

 

Analitiklər hesab edir ki, əslində rəsmi Bakı raketlərin haradan atıldığına dair dəqiq məlumatlara malikdir. Qalıqlar martın 15-də tapılıb və müvafiq araşdırma üçün kifayət qədər vaxt olub. NATO üzvü olan Türkiyənin də bu araşdırmada Azərbaycana yardım etmək imkanları genişdir.  İstisna deyil ki, izlər Rusiyaya apardığı üçün bilgilərin yayılmasına ehtiyatlı və həssas yanaşılır.  Yaxın günlərdə daha dəqiq məlumatların veriləcəyi gözlənilir.

 

Bu arada Bakıda “İskəndər” raketlərinin qalıqları nümayişi təşkil edilib.

 

Qalıqlar “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) nümayəndələri tərəfindən təqdim olunur.

 

Azərbaycana atılan “İskəndər” raketlərinin qalıqları - FOTO

 

Qeyd edək ki, martın 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları Şuşa ətrafında “İsgəndər” raketinin qalıqlarını aşkarlayıblar. Maraqlı odur ki, bu raket qalıqları Rusiyanın Ermənistana verdiyini və rəsmən açıqladığı “İsgəndər E” modifikasiyası deyil, raket qalıqları “İsgəndər”in daha uzaq mənzilli və nüvə başlığı daşıya bilən “İsgəndər-M” versiyasına aiddir. Bu versiya 500 kilometr mənzilə malik orta mənzilli raketlər sinfinə aiddir. Həmin raketlərin isə ixracı 1987-ci ildə ABŞ ilə SSR arasında imzalanan “Yaxın və orta mənzilli raketlərin məhv edilməsi”nə dair müqavilənin tələblərinə tamamilə ziddir.

 

Basta