Vəkil: “Zamin Salayev güclə danışır”
Həbsdə 58 gündür aclıq aksiyası keçirdiyi bildirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayevinin vəziyyətinin pisləşdiyi deyilir.
Bu barədə AzadlıqRadiosuna aprelin 6-da Bakı İstintaq Təcridxanasında Zamin Salayevlə görüşən vəkil Nemət Kərimli danışıb.
Vəkilin sözlərinə görə, Salayev güclü baş ağrılarından və başgicəllənmədən şikayətlənir:
“Zamin Salayev çətinliklə hərəkət edir, güclə danışır”.
Vəkil vurğulayıb ki, buna baxmayaraq fəal aclığı dayandırmaqdan imtina edib:
“Bununla belə Elzamin Salayev hələ də İstintaq Təcridxanasının sanitariya hissəsinə köçürülməyib və həkim yalnız vəziyyəti pisləşdikdən sonra onun yanına gəlir.”
Bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Bu il fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) maddəsi ilə cinayət işi açılıb.
Bu ittihamla ona 5 ilədək həbs cəzası verilə bilər.
Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. O, ittihamı qəbul etməyərək şərləndiyini açıqlayıb və həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.
AzadlıqRadiosu