Azərbaycanın suverenliyinə qəsd: Rusiya “sülhməramlıları” Xocalıda qələbə paradına hazırlaşır
Azərbaycanın Qarabağ bölgəsində olan rus sülhməramlıları İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümünü qeyd etməyə hazırlaşırlar.
Rusiya Müdafiə Nazirliyinin (MN) məlumatına görə, rus sülhməramlıları Xocalı hava limanında 9 may paradının ilk məşqlərini keçiriblər.
Qurum parad məşqlərinə təxminən 400 rus hərbçisinin cəlb olunduğunu bildirib.
Rusiya MN açıqlayıb ki, təntənəli yürüşdə hər birində 45-ə qədər hərbçinin olduğu 10-a qədər dəstə keçid edəcək.
Parada hazırlıq təlimlərinə Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin əsasını təşkil edən Mərkəzi Hərbi Dairəsinin 15-ci moto-atıcı alayının sülhməramlı heyəti qatılıb.
Qurum bəyan edib ki, paradda Rusiyanın İnsani Müdaxilə Mərkəzinin bölmələri, hərbi polis, xüsusi təyinatlı tibbi hissəsi, Rusiya sülhməramlı kontingentinin komanda qrupu, eləcə də maddi-texniki dəstək bölmələri iştirak edəcəklər.
Bildirilib ki, sülhməramlıların parad təlimləri fəaliyyətlərinə mane olmamaqla xüsusi təyin olunmuş vaxtda keçirilir.
Rusiya sülhməramlılarının Qarabağ ərazisində qələbə paradı keçirəcəyi ilə bağlı hələ ki, Azərbaycan tərəfinin rəsmi münasibəti məlum deyil.
Ötən payız Qarabağda başlayan və 44 gün davam edən müharibə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın Baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanatı nəticəsində dayanıb, bölgəyə rus sülhməramlıları gəlib.
Müsavat Partiyasının mətbuat xidməti Rusiya Silahlı Qüvvələrinin 9 mayda Xocalıda parad keçirmək planlarını Azərbaycanın suverenliyinə qəsd kimi qiymətləndirir.
“Bu, “sülhməramlı qüvvə” mandatına və beynəlxalq hüquqa tamamilə zidd olan, Rusiyanın Qarabağda işğalçı kimi davranmasını sübut edən bir əməldir. Xocalı şəhidlərinin ruhuna təhqirdir. Rəsmi Bakı öz suverenliyini və ərazi bötövlüyünü təmin etmək üçün təsirli tədbirlər görməlidir” – deyə, mətbuat xidmətinin açıqlamasında bildirilir.
Basta