YAP Hüseynbala Mirələmovun videosunu müzakirə edəcək

Sosial mediada yayılan, işçisi olduğu güman edilən qadına qarşı qeyri-etik rəftarın əks olunduğu görüntülərin aid olduğu deyilən sabiq deputat Hüseynbala Mirəlimov çalışdığı universitetdən çıxarılıb.

 

Bu məsələ, həmçinin YAP partiyasının İdarə Heyətinin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib, YAP-ın mətbuat xidmətinin rəhbəri bildirir.

 

“Məlum videogörüntüdə Hüseynbala Mirələmovun etikadan uzaq hərəkətləri Yeni Azərbaycan Partiyasının hər bir üzvü tərəfindən təəssüf hissi ilə qarşılanmış və şiddətlə qınanılmışdır. Gün ərzində əksər kütləvi informasiya vasitələrində Yeni Azərbaycan Partiyasının ayrı-ayrı nümayəndələrinin məsələ ilə bağlı kəskin mövqeyi dərc olunmuşdur. Hüseynbala Mirələmovun mənəvi-əxlaqi dəyərlərdən uzaq olan bu davranışına qiymət İdarə Heyətinin sabah baş tutacaq iclasında veriləcək,” – Hüseyn Paşayev APA-ya bildirib.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) BBC News Azərbaycancaya bildirilib ki, onun təhsil müəssisəsindəki işinə son qoyulub.

 

Yayılmış bir neçə saniyəlik video görüntülərdə Hüseynbala Mirəlimov olduğu deyilən kişinin onlayn görüşdə olduğu zaman əlini otağa girən qadının arxasına toxundurduğu əks olunub.

 

Sosial mediada onun bu hərəkəti cinsi qısnama kimi qiymətləndirilib.

 

Hüseynbala Mirəlimov hakim Yeni Azərbaycan Partiyasını parlamentdə uzun illər təmsil edib.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Bəhruz Nəzərov BBC News Azərbaycancaya bildirib ki, Hüseynbala Mirələmov cümə axşamı günü səhər universitetə gələrək işdən çıxması üçün ərizəsini təqdim edib:

 

“Hüseynbala Miərəlimov həm kafedra müdiri idi, həm də yarım-ştat müəllim işləyirdi. Hər iki vəzifəsindən çıxarılmasını istədi, istəyi də dərhal yerinə yetirildi”.

 

Bu ərizənin onun çərşənbə günü yayılan video-görüntüləri ilə əlaqəsi varmı sualının cavabında Bəhruz Nəzərov bildirdi ki, bunu Hüseynbala Miərəlimovun “özündən soruşmaq lazımdır”.

 

O, onlayn iclas zamanı Hüseynbala Mirəlimovun universitetdəki kabinetində olmadığını deyir: “Bilirsiniz ki, Hüseynbala Mirəlimovun müxtəlif vəzifələri var. Sabiq deputatdır. Mən dəfələrlə onun kabinetində olmuşam, nə kabinet burdakıdır, nə də həmin qadın universitetin işçisidir”.