Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb
Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi baş tutub. Məhkəmədə Müsavat Partiyası və AXCP-nin rəhbərliyinə daxil olan şəxslər, ictimai fəallar və jurnalistlər iştirak edib.
Siyasətçinin məhkəmə prosesində iştirak etməyə gələn ictimai fəal Cəmil Hacıyev məhkəmənin qarşısında “Siyasi məhbuslara azadlıq!” yazılmış plakat qaldırıb. Daha sonra polis əməkdaşları onu polis maşınına mindirərək naməlum istiqamətə aparıblar. Onun yerini hələlik müəyyənləşdirmək mümkün olmayıb.
Yaqublunun qızı Nigar Həzi bildirib ki, məhkəmə prosesi gərgin keçib və artıq üç məhkəmə prosesidir iş materiallarının tədqiqi gedir.
“Tofiq Yaqublu onların yazdıqlarını cümləbəcümlə ifşa etməklə məşğuldur. Hakim saxta “WhatsApp” yazışmalarını oxuyurdu, o mətn sayəsində Tofiq Yaqublu hazırda həbsdədir. Haqlı olaraq atam ona qarşı tərtib edilmiş bu ssenarini dağıtmaqla məşğul idi, hakim isə utanmadan dedi ki, “siz burada deyilmiş hər cümlə ilə bağlı fikir söyləsəniz, gərək aylarla proses davam eləsin”. Tofiq Yaqublu bildirdi ki, “mən 1 ildən çoxdur həbsdəyəm, sizin işinizin-gücünüzün adı nədir?”.
Bugünkü prosesə sədrlik edən hakim Elnur Nuriyev siyasətçinin kürəkəni, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzinin məhkəmə zalından çıxarılmasına göstəriş verib:
“Hakim Elnur Nuriyev bütün iclas boyu özünü xüsusi komissar kimi aparırdı və bir neçə dəfə nəzakət qaydalarını, etik normaları pozdu. Xüsusilə Tofiq Yaqubluya qarşı etik normaları pozdu və artıq əsəblər gərildi, reaksiya vermək lazım oldu. Mən onu nəzakətə dəvət elədim, bizim aramızda mübahisə yarandı. Mən hesab edirəm ki, mənim zaldan çıxarılmağım qanunsuzdur və Azərbaycanda məhkəmə sisteminin Prezident Administrasiyasının qolunun tərkib hissəsi olduğunun göstəricisidir”.
Nigar Həzinin sözlərinə görə, hakim Yaqublunun özünü də məhkəməni onun iştirakı olmadan keçirməklə hədələyib.
Siyasətçinin növbəti məhkəməsi yanvarın 17-də davam edəcək.
Tofiq Yaqublu 2023-cü ilin dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.
Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.
Yerli və beynəlxalq təşkilatlar siyasətçini siyasi məhbus kimi tanıyıb.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.