Bayden “soyqırım” dedi: Türkiyədən sərt təpki
ABŞ prezidenti Co Bayden erməni diplomatiyasının illərlə təbliğ etdiyi “erməni soyqırımıı” iddialarını tanıyıb.
“Hər il bu gündə Osmanlı dövründə erməni soyqırımı zamanı ölənlərin hamısını xatırlayırıq və bir daha bu cür vəhşiliklərin təkrarlanmasının qarşısını alacağımıza söz veririk. 1915-ci il aprelin 24-dən başlayaraq, erməni ziyalıları və cəmiyyəti həbs olunduqdan sonra, Osmanlı hakimiyyəti tərəfindən bir milyon yarım erməni deportasiya edildi, öldürüldü və ya ölümə məhkum edildi” – deyə, Bayden söyləyib.
Beləliklə, Bayden 1981-ci ildəki açıqlamasında eyni sözü işlədən Ronald Reyqandan sonra “soyqırım” ifadəsini istifadə edən ilk ABŞ prezidenti oldu.
Türkiyə Xarici İşlər Nazirliyi Baydenin açıqlamasını əsassız və məsuliyyətsiz iftira adlandırıb.
Sənəddə deyilir:
“ABŞ prezidentinin radikal erməni dairələri ilə Türkiyə əleyhdarı qrupların təzyiqi altında 24 aprel tarixində etdiyi 1915-ci il hadisələrinə dair açıqlamanı qəbul etmirik.
Sözügedən açıqlamanın mövzuya dair elmi və hüquqi bir əsasa, sübuta əsaslanmadığı ortadadır. 1915-ci il hadisələrinə dair beynəlxalq hüquq baxımından soyqırımı ifadəsinin istifadə edilə bilməsi üçün zəruri şərtlərin heç biri mövcud deyil.
Avropa İnsan Hüquqları Məhkəməsi 1915-ci il hadisələrinin mübahisəli mahiyyətini açıq şəkildə ifadə edib. Bundan əlavə, Türkiyənin həmin dövrə dair elmi həqiqətlər işığında ədalətli bir yaddaşın yaradılması üçün 2005-ci ildə Ortaq Tarix Komissiyası yaradılması təklifi də erməni tərəfi buna yaxın durmasa belə, bu gün hələ də qüvvədədir. Tarixi mövzularda hökm oxumağa nə hüquqi, nə də mənəvi cəhətdən səlahiyyəti olan ABŞ prezidentinin verdiyi açıqlamanın heç bir dəyəri yoxdur.
Mədəniyyətlərin beşiyi kimi adlandırılan bir coğrafiyanın mərkəzində yerləşən və yaşadığı bütün ağrılara baxmayaraq, bəşəriyyətin sülh və rifahı üçün səy göstərməyi şüara çevirən Türkiyə tarixi ilə üzləşməkdən heç bir zaman qaçmadığı kimi, bu mövzuda ABŞ da daxil olmaqla heç kimdən dərs almayacaq”.
Basta