Süleymanovlar narkoloji dispanserə məcburi müalicəyə göndərilib – Müsavatdan sərt etiraz
Mayın 3-də Müsavat Partiyası Divanının növbəti iclası keçırilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, qurumun Mərkəzi Qərargahında keçirilən toplantıda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.
İclasda Qarabağdakı durum müzakirə edilib. Rusiya Silahlı Qüvvələrinin Yuxarı Qarabağdakı kontingentinin sülhməramlı missiyadan kənara çıxan addımları pislənilib, onların mayın 9-da Yuxarı Qarabağ ərazisində planlaşdırdıqları hərbi paradın Azərbaycanın suverenliyinə təhdid olduğu vurğulanıb, rəsmi Bakıdan bunun qarşısının alınmaşsı üçün təsirli tədbirlər görməsi tələb olunub.
Divan üzvü Nemət Kərimli qanunsuz olaraq həbs olunan Müsavat fəalı Nizaməli Süleymanov və onun qohumu Akif Süleymanovun 20 sutkalıq cəza müddəti bitdikdən sonra, onların narkoloji dispanserə məcburi müalicəyə göndərildikləri haqda məlumat verib. Nizaməli və Akif Süleymanovların heç birinin narkotika istifadəçisi olmadığı, polisin məhkəməyə təqdim etdiyi ekspertiza rəyinin saxta olduğu bildirilib.
Nizaməli və Akif Süleymanovlar evdən polisə çağırılaraq siyasi motivlə tutulduqlarını, onların hər hansı bir ekspertizadan keçirilmədiklərini məhkəmə də bildiriblər. Lakin hakim buna məhəl qoymayıb.
Müsavat Partiyasının Divanı bu hadisəni Azərbaycanda müxalifətə qarşı repressiyaların davamı kimi qiymətləndirir, hər iki fəalın dərhal azadlığa buraxılmasını tələb edir.
İclasda Qırğızıstan- Tacikistan sərhədində baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.
Basta