Arif Hacılı: “Rusiyanın Qarabağda paradına imkan verilməməlidir”

Rusiya xalqımızı aşağilamaq istəyir. Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

 

“Rusiya niyə Xankəndində hərbi parad keçirmək qərarına gəlib? İlk baxışda Kreml indi Azərbaycanla münasibətləri normallaşdırmaqda cəmiyyətimizi qıcıqlandırmamaqda maraqlı olmalı, antirusiya mövqeli yerli ciyasi qüvvələrə əlavə arqument verməməlidir. Amma yox, Kreml bu paradla bizim rəyimizin Rusiya üçün əhəmiyyətsiz olduğunu, Azərbaycana müstəqil dövlət kimi yox, Rusiyanın təsiri altında olan bir ərazi kimi baxdığını nümayiş etdirir. Milli qürurumuza toxunmaq, xalqımızı aşağılamaq istəyir” – deyə, Arif Hacılı etirazını bildirib.

 

Müsavat başqanının fikrincə, cinayətkar təfəkkürlü bu rejim belə usullarla Rusiya qarşısında acizliyimizi bizə “yedirtmək”, sonra isə tədricən daxili və xarici siyasətimizi tam nəzarəti altına almaq niyyətindədir: “Azərbaycan hakimiyyəti nəyin bahasına olursa-olsun bu paradın keçirilməsinə imkan verməməli, Azərbaycanın müstəqillliyini müqəddəs dəyər kimi qəbul edən hər kəs bütün mümkün imkanlardan istifadə edib Rusiyanın işğalçı siyasətinə qarşı etiraz səsini ucaltmalıdır!”