Qalib sülh istəmirsə, məğlub savaşa məcburdu
Biz sülh danışıqlarının imitasiyasını izləyərək böyüyən bir nəsildənik. Həmişə mənasız gəlibdi bu danışıqlar. Bişkekdə kabab da yedilər, Moskvada konyak da içdilər, Kazanda xizək də sürdülər, danışıqlar adı ilə. Və hamıya da aydın idi ki ,bu danışıqlar nəticəsiz qalacaq. Biz 30 il cəhd etmişdik. Ermənilərin sülh niyyəti olmadıgından, əslində bizim savaşdan başqa seçimimiz yox idi. Torpaqları zəbt olunmuş, vətəndaşları öldürülmüş və didərgin salınmış bir xalqın, intiqam istəməsindən normal bir şey yoxdur.Tam əksi belə bir xalqın sülh istəməsinin özü, sanki Nyuton qanunlarını pozurdu. Təsir əks təsirə bərabərdir və biz də bir gün müharibə olacaq düşüncəsi ilə böyümüş bir nəsilik. Məğlub tərəfdən “sülhpərvərlik” gözləmək onsuz da cəfəngdir. Məhkəmənin zərərçəkmişdən üzr tələb etməsi kimi bir şeydir bu. Sülh qalib gəlmiş tərəfin imtiyazıdır.
44 günlük müharibənin ilk günü yazmışdım ki, “sülh danışıqlarının tərəfdarıyam. Qarabağı azad edək, harada istəsələr sülh danışığı aparaq”. İstehza deyildi, səmimi yazmışdım. Qarabağ tam azad edilməmiş, bizim müharibədən başqa seçimimiz olmayıb. Zatən Azərbaycana sülhü seçmə imkanını da yaratmayıb qarşı tərəf. Rusiyanın hərbi köməyi və Azərbaycanın daxili siyasətinə etdiyi müdaxilələr nəticəsində, hətta məqsəd qoymadıqları, nəzərdə tutmadıqları torpağlarımızı belə zəbt edib, azərbaycanlıları öz torpaqlarından didərgin salmış ermənilər sülhün bizə yox, elə ən çox onlara sərf etdiyini sonadək anlaya bilmədilər. Milli kimliklərini “soyqırım” ideyası ətrafında formalaşdıran ermənilər, bu “soyqırımın” intiqamını niyəsə bizdən almaqla da doymadılar, özlərini “müharibə tanrıları” elan edib, hər imkanda Azərbaycana yeni torpaq iddiaları irəli sürdülər, xalqımıza təhqir və hədə-qorxular yağdırdılar və sonda cəzalarını da aldılar.
İndi qalib tərəf bizik və ilk dəfə sülh ideyasına ciddi yanaşa bilərik. Nəhayət, sülh bizim yükümüz deyil, imtiyazımızdır və biz bu fürsəti ermənilərdən fərqli olaraq müdrik və ədalətli bir şəkildə istifadə etməliyik. Hərçənd Kremlin və rus “sülhməramlıları”nın zəfərimizə müdaxiləsi göstərir ki, deyəsən sülh danışıqlarının imitasiyası ilə böyüyən Azərbaycanın son nəsli biz olmayacayıq. Dövlət olaraq qarşı tərəfə “sülhü seçmə” imkanı yaratmağa onların niyyəti yox idi, bizim isə imkanımız.
Sülh imkanı bizdən daim elə uzaqda olub ki, artıq bu anlayış özü belə cəmiyyətimizdə oruellsayağı anlaşılır. Hətta sülhpərəstlərimizin də “sülh” anlayışları, çox vaxt təhrif olunmuş ideyalardır məncə. Nəticə etibarı ilə, sülh kimi bir seçimin olduğunu belə əksəriyyətimiz artıq gözardı edirik. Öz savaşımıza da, başqa savaşlara da münasibətdə bu düşüncə tərzi üstünlük təşkil etməkdədir.
Bunu İsrail-Fələstin münaqişəsinə Azərbaycanda olan münasibətdən də görmək mümkündür. Hamı tərəf seçib, müharibəyə futbola baxan kimi baxır. Həqiqiliyini yoxlamaq imkanım olmasa da, Mingəçevirdə “Fələstin-İsrail savaşı” üstündə əlbəyaxa davanın olduğunu belə eşitdim. Zarafat üçün yazıblarsa gülməlidir, ciddi olubsa daha da gülməli. Bir tərəf İsrailin Azərbaycana Qarabağ mövzusunda göstərdiyi mənəvi dəstəkdən və bizə satdığı silahlardan dolayı İsraili dəstəkləyir. Digər tərəf isə “qardaş Türkiyə Fələstin tərəfdədir”, “müsalman qadaşlarımızdır” və sair fikirləri önə çəkərək Fələstini dəstəkləyir.
Bəli, dost və müttəfiq İsrail dövlətinə Azərbayana göstərdiyi dəstəkdən dolayı minnətdarıq. İsrail dövləti öz vətəndaşlarına münasibətdə, ordu quruculuğunda, dövlət quruculuğunda və sair mövzularda nümunə alınacaq dövlətdir. Sıfırdan elə bir dövlət yaradıblar ki, maraqlansaq çoxumuz bu cür çalışan dövlət strukturlarını xəyal belə etmək imkanında olmadığımızı görərik. Qibtə oluncaq dövlət sistemləri var. Heyif ki, bu İsrail dövlətinin Yerusəlim və digər əraziləri zəbt etdiyi faktını dəyişmir.
Bunu Fələstinə simpatiyam var deyə, yaxud müsəlmandılar deyə yazmıram. Qarabağ mövzusunda ermənipərəst mövqeyi ilə nə dərəcə “müsəlman” olduqlarını çoxdan göstərib Fələstin rəhbərliyi. Heç sülh üçün hansısa tutarlı addım attıqlarını da deməzdim ərəblərin. Hətta 1948-ci ildə məs ərəb dövlətləri beynalxalq qərarları heçə sayaraq Qüdsün bir hissəsini zəbt etmişdilər və İsrailin müstəqilliyini tanımırdılar. Yalnız təkbaşına yürütdüyü 6 günlük savaşın nəticəsində İsrail Qüdsü tam idarə etməyə başladı. Amma bu, İsrailə həmin şəhəri beynəlxaq hüquqa zidd olaraq öz paytaxtına çevirməsi üçün əsas ola bilməz. BMT-nin qərarı əsasında xüsusi status daşımalı olan Qüdsdə ərəblərin haqqını tanımayan, vətəndaşlıq verməyən, 1967-ci ildə öz idarəsinə keçirdiyi əraziləri hələ də zəbt altında saxlayan İsrail , öz tarixi qələbəsini ləkələyir məncə. Regionda sülhü bərqərar etmək qətiyyətinə malik, güclü və ən asası da bütün savaşları qazanmış, qalib dövlət İsraildir. Lakin seçki tələb edən Fələstin ərəblərinə olan münasibət və dünən Qəzzaya ordu yeritməsi, heç qalib İsrailin də sülh niyyətinin olmadığının göstəricisidir. Məncə, biz təminatlı sülh tərəfdarıyıqsa, onda bu sülhü qəbilə təfəkküründə qalan, dövlət kimi deyil , elə ekstremist təşkilat kimi fəaliyyət göstərən və çoxdan məğlub olmuş HAMAS-dan yox, qalib gəlmiş İsrail dövlətindən gözləməliyik. Sülh qalib gəlmiş tərəfin imtiyazıdır. Qalib sülh istəmirsə, məğlub savaşa məcburdu.
İsraildə və Fələstində yetişən nəsillər də bizim kimi sülh danışıqlarının imitasiyası ilə böyüyən nəsillərdir. Qarşılıqlı müharibə cinayətlərinin bitmək bilmədiyi bu savaşın tez zamanda sülhlə sonlanması ehtimalı az olsa da, bir gün sağlam düşüncənin və sülhün qalib gələcəyinə ümid edək.
Ayxan Hacıbəyli
Yazı müəllifin fikirlərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.