Yetim malına Allah evi dikilməz
Mehriban Vəzir
…Şuşada məscid çox olub. Lakin ikisi çox önəmlidir. Biri Şuşa ilə yaşıd, Pənahəli xan Cavanşirin Qalanı saldırdığı ilk illərdə – 1750-ci ildə qamışdan tikdirdiyi, illər sonra İbrahim xanın ağ daşdan yapdırdığı tək minarəli Cümə məscididir. İndi Şuşanın rəmzinə çevrilmiş bu məkan xeyirli övladın adına “Gövhər ağa məscidi” adlanır.
Bu məscid İbrahim xandan sonra, rusun işğalı dövründə uçulub dağılmışdı. Xanqızı Gövhər ağa atasının, babasının dikdirdiyi o məscidi cibinin puluna yenidən ucaltdı və daha bir minarə əlavə etdirib xalqın ixtiyarına verdi. O gündən bu günə xalq bu əziz məkana “Gövhərağa məsçidi” dedi.
Lakin 19-cu yüzilin Şuşa Qalasında rusların körüklədiyi sünnü-şiə qarşıdurması bu məsçiddə tez-tez qovğalar yaradırdı. Heç bir dövlət məsuliyyəti – səltənəti olmayan Gövhər ağa İbrahim xan qızı əhali arasında nifaqı bitirmək üçün Bazarbaşı meydanında – Rastabazarın o biri kəlləsində, qədim məsçidlə üz-üzə daha bir məsçid dikəldib sünnülərə verdi. Gövhər ağa bu ikinci mühüm Allah evini tikdirməklə Qalanın sünnü əhalisi ilə şiə əhalisinin məscid üstdə nüfuz davasının qarşısını almış oldu.
Qafqazın və Qarabağın ən gözəl və ən zəngin xanımı olan Gövhər ağa Cavanşir bu məsçidləri öz cibinin puluna tikdirirdi. Cibinin pulu ilə əhalini maarifləndirir, məktəb, mədrəsə, kitabxana, azarlıxana açır, şəhər əhalisi arasında ixtişaşların qarşısını alır, alimə, şairə maaş verir, mədrəsə təhsilini himayə edir, yoxsul tələbələrə təqaüd və ərzaq verirdi.
Gövhər ağa elm sahibi idi, nüfuzlu və zəngin idi, xeyriyyəçi idi. Rus hökuməti belə onunla hesablaşırdı.
Gövhər ağa hər il şəhər kitabxanalarına nadir kitablar gətirtdirib oxumuşların ixtiyarına verirdi. Bütün bu kitabları öncə özü oxuyur, sonra kitabxanaya göndərirdi. Məscid nəzdində “Azarlıxana” saxlayırdı, qərib, sahibsiz xəstələrin müalicəsi, dava-dərmanı, ölən olarsa dəfni, kəfəni, yasini, duası onun hesabına idi.
O gün oxudum ki, Şuşada məsçid tikiləcək. Niyə? Nə ehtiyac? Və kimin puluna? Şuşa Qalasının bütün məsçidləri şəxsi vəsait hesabına dikilib. Pənah xanın, İbrahim xanın, Gövhər ağanın cibinin puluna. Eləcə də məhəllə məscidlərini tikdirən kişilərin də adları bəlli idi, kitabələrə həkk edilib məsçid divarlarına vurulmuşdu.
Bəs bu yeni və bahalı məscid hansı vəsait hesabına olacaq? Dövlət hesabınamı? Büdcə hesabınamı? Dövlətin malı (pulu) yetim malıdır, yetim malına Allah evi yapılmaz. Yetim ac ikən, ehtiyacda, çarəsizlikdə ikən… belə israf Allaha xoş getməz… Uşaq pulu verməyən, qazisi, pensiyaçısı, gənci, qocası ehtiyacdan çapalayan bir ölkədə yetim malına Allah evi tikdirmək… savaba yazılmaz…
Belə fəaliyyətin heç bir ictimai, mənəvi faydası ola bilməz…
Yetim malına Allah evi dikilməz…
Yazı Mehriban Vəzirin feysbuk səhifəsindən götürülüb.
Basta