Satirik şair dini şerinə görə fiziki təzyiqə məruz qalıb

Mayın 20-də Salyan rayonunda bir neçə nəfər satirik şair İbrahim Xudayiyə hücum edib. Buna onun Facebook səhifəsində dini məzmunlu satirik şeri oxuması səbəb olub.

 

İbrahim Xudayi “Amerikanın səsi”nə müsahibəsində bildirib ki, hücum edənlər dini mövzuda yazdığı şeri Facebook profilindən silməyi və üzr istəməyi tələb ediblər.

 

“Onlardan biri, Turqut Cəbrayılov mənə zərbələr endirdi. Bu gün polisə şikayət etdim. İndi polis Turqut Cəbrayılovu saxlayıb. Amma mən qorxuram. Yenə axşam gələ bilərlər. Dünən axşam da gəlib başıma və ayaqlarıma vurdular. Əllərindən güclə qaçdım”, – o qeyd edib.

 

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Amerikanın səsi”nə bildirib ki, polis İbrahim Xudayinin təhlükəsizliyi ilə bağlı müvafiq tədbirlər həyata keçirir.

 

“Bu gün İbrahim Xudayinin döyülməsilə bağlı şikayəti əsasında əvvəllər məhkum edilmiş Turqut Cəbrayılov Salyan rayon polis şöbəsinə çağırılıb. Hazırda müvafiq qaydada təhqiqat araşdırması aparılır. Təhqiqat araşdırması və təyin edilmiş ekspertizanın nəticələrindən asılı olaraq Cəbrayılovun əməlinə hüquqi qiymət veriləcək”, – o qeyd edib.

 

Xatırladaq ki, 2011-ci ilin noyabrında Azərbaycanda publisist Rafiq Tağı dini mövzuda yazdığı tənqidi məqaləsindən sonra bıçaqlanıb və xəstəxanada vəfat edib. Rafiq Tağının ölümü ilə bağlı qaldırılmış cinayət işi üzrə hələ heç kim təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməyib.