İsrail və Həmas arasında barışıq. Fələstinlilər bunu qələbə kimi qeyd edir, İsrail uğur qazandığını bildirir
İsrail ilə fələstinlilərin Həmas təşkilatı arasında Misirin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs rejimi cümə günü səhər saatlarından qüvvəyə minib.
Münaqişənin 11 günü ərzində əksəriyyəti Qəzza zolağında olmaqla 244 nəfər həlak olub, 2 min nəfərədək insan yaralanıb.
Misir atəşkəsə riayət olunmasını izləmək üçün İsrailə iki nümayəndə heyətini göndərəcəyini bildirib.
Cümə gecəsi münaqişənin gedişində müxtəlif sığınacaqlarda gizlənən fələstinlilər Qüds, Hebron, Ramallah və digər şəhərlərdə küçələrə çıxaraq atəşkəsi qeyd etdilər.
Küçələrə çıxanların çoxu əldə olunmuş atəşkəsi fələstinli müqavimətinin qələbəsi kimi qəbul edir.
Bəzi məscidlərdə səsgücləndiricilərdən “işğalçılar üzərində müqavimətin qələbəsini” alqışlayan çağırışlar səsləndirilib.
Qüdsdəki Məbəd dağında müsəlmanlarla İsrail polisi arasında yenidən toqquşma baş verib.
Həmas atəşkəslə bitmiş silahlı toqquşmanın “üstün hərbi gücə malik olan düşmənə qarşı uğurlu bir müqavimət” olduğunu bildirib.
İsrail hökuməti qeyd edib ki, 11 günlük hərbi kampaniya müddətində İsrail Həmas-ın hərbi infrastrukturunu məhv etmək məqsədinə çatmaq istiqamətində “böyük irəliləyişə nail olub”.
İsrail rəsmiləri hesab edir ki, bu, uzunmüddətli sülh və əmin-amanlığa gətirib çıxarmalıdır.
BBC