Ermənistan sərhəddə atışma haqda məlumat yaydı
Azərbaycan Ermənistanı Kəlbəcər rayonu ərazisindən atəşə tutmaqla bağlı “yalan məlumat yaymaqda” ittiham edib.
Ermənistan Müdafiə Nazirliyi çərşənbə axşamı məlumat verib ki, Azərbaycan-Ermənistan sərhədində, Geğarkunik vilayəti ərazisində baş vermiş insident nəticəsində bir hərbçi həlak olub.
Sputnik Ermənistan xəbər verir ki, bir müddət sonra nazirlik Sisiyan rayonu istiqamətində də atəşkəsin pozulduğu haqda məlumatları təkzib edərək, burada hər hansı bir insident, yaxud atışma baş vermədiyini bildirib.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib.
“Bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısı alınıb. Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb”.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, onlarda olan məlumata görə, həlak olan erməni hərbi qulluqçusunun ölümü “bədbəxt hadisə nəticəsində baş verib”.
Bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi yoxdur, Azərbaycan MN bildirib və bəyan edib ki, Azərbaycan tərəfi məsələ ilə əlaqədar Rusiya tərəfi ilə də daimi təmasdadır.
BBC-nin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin bir neçə saat əvvəl yaydığı məlumatda göstərilirdi ki, mayın 25-də Ermənistanın Azərbaycanla həmsərhəd Geğarkunik vilayətində Verin Şorja kəndi yaxınlığında Ermənistan mövqeləri Azərbaycan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Qurum iddia edir ki, qarşı tərəfin avtomat silahdan açdığı atəşdən sonra başlanan atışma nəticəsində müqavilə əsasında xidmət edən 1989-cu il təvəllüdlü kiçik serjant V. Xurşudyan ölümcül yaralanıb.
Hazırda regionda olan rus sülhməramlıları və Qarabağda atəşkəsə nəzarət edən Türk-Rus Birgə Mərkəzi bununla bağlı reaksiya verməyib.
Basta