Hafiz Babalı həbsxanadan tükürpədən məktub yazdı

Əziz Zərifə, bu gün evliliyimizin 30 illiyidir. Sən evimizdə, mən-həbsxanadayam. Vaxtında sənin “Dur! daha yazma!” tələbinə qulaq assaydım, indi yubileyimizi, əhd etdiyim kimi, ilk dəfə qohum-qardaş arasında təmtəraqla qeyd edirdik. Amma mən azad jurnalist kredoma xəyanət etmədim, təhlükəyə baxmayaraq, iti qələmimi yerə qoymadım. Odur ki, bir ildir isti ocağımdan, səndən, candan şirin övladlarımızdan ayrı düşmüşəm.

Bu otuz ildə səninlə acılı-şirinli çox günlər yaşadıq. Gün oldu ki, təknədə yavan çörəyimiz belə olmadı. Amma əyilmədik, sınmadıq, sevgimiz, mərhum valideynlərimizdən miras aldığımız saf nemət-ailə dəyərləri sayəsində bu illəri, baş-başa, ürək-ürəyə. Daim alnıaçıq, üzüağ. Xoşbəxtəm ki, boğazımızdan haram tikə keçmədi, Vətənə, millətə xeyirli övladlar ərsəyə gətirdik.

Bir ildən yuxarıdır ki, Kürdəxanıdayam. Həbsxanada olduğum bu müddətdə məndən daha çox iztirab və intizar çəkdiyini bilirəm. Bunu gözəl gözlərindən oxuyuram. Sən mənə indi həyat yoldaşından artıq dost, dərd ortağı olmusan, əziz Zərifəm. Sənə bir ömür borcluyam.

Hər gəlişinlə mənə həbsxananın soyuq divarlarını unutduran azadlıq günəşim oldun.
Nəhayət, əziz Zərifə, məni bağışla… Bilirəm ki, həyatımızın bu anında yanında deyiləm deyə məni əfv edərsən. Axı, sənin böyük ürəyin var!
“Pis günün ömrü az olar” deyiblər. Əminəm ki, növbəti evlilik ildönümlərimizi yenə bir arada qeyd edəcəyik.

Yazı həbsdəki jurnalist Hafiz Babalının feysbuk səhifəsindən götürülüb. 

Hafiz Babalı 2023-cu il dekabrın 13-də saxlanılıb. Ona qarşı “xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə o, üç ay müddətinə ilkin həbs cəzasına məhkum edilib. Babalı “Abzas Media işi” üzrə cəlb edilib. Hüquq müdafiəçiləri Hafiz Babalını siyasi məhbus kimi tanıyıb.