Ərdəbildə divarlara milli şüarlar yazıldı
Mayın 29-da Ərdəbil şəhərinin milli-mədəni fəalları şəhər divarlarında müxtəlif şüarlar yazaraq, İran hökumətinin prezident seçkiləri şosuna istehza edərək tanınmış milli fəal Abbas Lisani başda olmaqla güney azərbaycanlı siyasi məhbusların azadlıqlarını tələb ediblər.
Bu haqda Günaz TV məlumat yayıb.
“Mən siyasi məhbusların azadlıq haqqına səs verirəm”
“Səsim Abbas Lisaniyə”
“Azərbaycan xalqının seçilmiş nümayəndəsi həbsxanadadır” kimi şüarlar, xalqın diqqətini cəlb etmək üçün Ərdəbil şəhərinin küçələrinin çoxunluğunda divarlara yazılıb.
İnhisarçı idarəetmə sistemi, İranda azərbaycanlı və başqa etniklərdən olan fəalların siyasi və mədəni fəaliyyətdlərindəki ciddi məhdudiyyətlər, çox sayda fəalın siyasi baxışlarına görə həbsxanalara salınması səbəbindən prezident seçkiləri praktik olaraq öz önəmini itirib. Hakimiyyət bu seçki təbliğatı və oyunundan yalnız legitimlik qazanmaq uğrunda bir vasitə kimi istifadə etməyə çalışır.
Həbsdə olan azərbaycanlı siyasi məhbuslardan biri tanınmış fəal Abbas Lisanidir.
Abbas Lisani 2019-cu ilin yanvar ayının 15-də Təbrizdə saxlanılaraq Ərdəbil həbsxanasına köçürülüb. Sifarişli və ədalətsiz məhkəmədə qondarma ittihamlarla 15 il azadlıqdan məhrum edilib.
2020-ci ilin oktyabr ayından bəri Abbas Lisaniyə qarşı təzyiqlər şiddətlənib. Yaxınları ilə görüşə və telefon danışığına icazə verilməməsi, koronovirusun yayıldığı bir vaxtda normal tibbi, müayinə-müalicə xidmətindən məhrum edilməsi, girov qoyulmasına baxmayaraq “yuxarılardan yazılı göstəriş gəlməyib” bəhanəsi ilə tibbi məzuniyyətə buraxılmaması və s. siyasi məhbusa qarşı planlı şəkildə həyata keçirilən təzyiqlərin bir hissəsidir.
Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda həbs cəzalarını azaltma qanun maddəsindən faydalanmasını rədd etmişdi.
Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladaraq, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.
Qeyd edək ki, Abbas Lisaninin həbsi və ona qarşı göstərilən təzyiqlərdə əsas qərar verən şəxslərdən biri Ərdəbil Məhkəmə Sisteminin başçısı Nasir Ətəbati olub. O, ötən həftə Qərbi Azərbaycan Məhkəmə Sisteminin başçısı təyin olundu.