Hikmət Hacıyev dünyaya səsləndi, ilk dəstək İsraildən gəldi

“AzTV və AZƏRTAC-ın jurnalistləri Ermənistan qoşunlarının Kəlbəcərdən çıxarkən qəsdən yerləşdirdiyi minanın qurbanı olublar”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

 

“Beynəlxalq təşkilatları həmrəyliyə və bu hadisəni pisləməyə çağırırıq. Sirac Abışov və Məhərrəm İbrahimova Allahdan rəhmət diləyirik!”, – o qeyd edib.

 

İsrailin Azərbaycandakı səfiri Corc Dik Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalistin şəhid olması ilə bağlı başsağlığı verib.

Diplomat bu barədə tvitterdə yazıb.

 

“Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalistin mina partlaması nəticəsində şəhid olması xəbəri bizi çox kədərləndirdi”, – səfir qeyd edib.

 

C.Dik hadisə qurbanlarının ailələrinə başsağlığı verib və həlak olanlara Allahdan rəhmət diləyib.

 

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.