Müsavat Divanının onlayn iclası keçirildi

İyulun 19-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Onlayn konfrans formatında keçirilən iclasda əvvəlcə general Polad Həşimov və şəhid olmuş digər hərbçilərimizin xatirəsi sayğı duruşu ilə yad edilib.

.

Daha sonra görülən işlərlə bağlı məlumat dinlənilib. Müsavat başqanı Arif Hacılının və bir qrup partiya yetkilisinin iyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 31-ci ildönümündə milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarət etməsi, iyulun 17-də isə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarını ziyarət etməsi təqdir olunub.

.

İclasda iyulun 14-15-də Bakıda Milli Orduya dəstək məqsədilə baş tutan aksiya müzakirə edilib. Bu tədbir Azərbaycan cəmiyyətinin Qarabağı azad etmək uğrunda mübarizəyə hazır olmasının göstəricisi kimi qiymətləndirilib. Divan aksiyanın təxribat törədilərək dağıdılmasını pisləyib, bundan sonra baş verən həbsləri Azərbaycan xalqının mübarizə ruhunun qırılmasına hesablanan ziyanlı siyasət kimi qiymətləndirib. Müsavat Partiyası 14-15 iyul hadisələrinə görə həbs olunan bütün günahsız insanların, o cümlədən AXCP funksionerləri Asif Yusifli və Seymur Əhmədzadənin dərhal azadlığa buraxılmasını tələb edib.

.

İclasda Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlandığl istintaq təcridxanasında təzyiqlərlə üzləşməsi pislənilib, onun vərəm və hepatit xəstələri ilə eyni yerdə saxlanmasına görə narahatlıq ifadə edilib. Müsavat Partiyası Tofiq Yaqublunun və bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını hakimiyyətdən bir daha tələb edib.

.

Divanın toplantısında Azərbaycan-Ermənistan sərhəddində son durum və davam etməkdə olan informasiya müharibəsi müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti daha məsuliyyətli davranaraq, beynəlxalq aləmdə dövlətimizə qarşı istifadə oluna biləcək açıqlamalardan çəkinməlidir.

.

Şəhid general Polad Həşimovun və digər şəhidlərin məzarlarının xüsusi törənlə ziyarət edilməsi barədə qərar qəbul olunub.

.

Bütün dünyada yaşayan soydaşlarımızın, o cümlədən Güney Azərbaycanda, Türkiyədə, ABŞ-da və Avropada Ermənistanın işğalçı siyasətinə qarşı təşkil etdikləri aksiyaları təqdir edilib. İclasda həmçinin COVİD-19 pandemiyası və ölkədə karantin rejiminin uzadılması müzakirə olunub. Hakimiyyət orqanlarının infeksiyanı nəzarətə götürə bilmədiyi, bu səbəbdən koronavirus xəstələrinin əhəmiyyətli hissəsinin öz evlərin müalicə olunduğu, bir çox hallarda hətta virus daşıyıcıları ilə eyni evlərdə yaşayanların test edilmədiyi bildirilib.

.

Sonda cari məsələlər müzakirə olunub.

.

Basta