“Qırmızı kitabda olan ağaclar kəsilib, yerində çay plantasiyası salınır”

Cavid Qara: “Meşə fondu torpaqlarının icarə müqavilələrinin mətnləri və xəritələri ictimaiyyətə əlçatan deyil”

Lənkəranın Haftoni-Girdəni meşəsində ağaclar kəsilib, yerində çay plantasiyası salınması planlaşdırılır.

Çay bağının 43 hektar meşə fondu torpağında salınması nəzərdə tutulub və məhz bu ərazidəki ağaclar kəsilib.

Ekoaktivist Cavid Qara deyir ki, çay bağını “Beta Tea Azerbaijan” şirkəti salır. Şirkətin Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə icarə müqaviləsi var.

“Əslində şərtləri pozduğuna və meşəyə zərər vurduğuna görə ETSN müqaviləyə xitam verilməli, meşəyə dəymiş ziyan hesablanmalı və adekvat cəza tədbirləri görülməlidir. Ancaq bunu etmirlər. Orada məhv olunan ağacların çoxunun qırmızı kitabda adı var”.

"Məhv olunan ağacların çoxunun qırmızı kitabda adı var”

“Məhv olunan ağacların çoxunun qırmızı kitabda adı var”

Mənbə: Ecofront

Lənkəranda meşənin kürünməsinə etiraz edən bir qrup ekoaktivist iyulun 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin önündə etiraz edib. Etirazçılar son illər meşə fondu torpaqlarının aqrobağlar salınması məqsədi ilə uzunmüddətli (49 ilədək) icarəyə verilərək məhv edilməsindən narahat olduqlarını söyləyiblər.

ETSN-dən isə bildirilir ki, qırmızı kitaba düşən ağaclar qırılması ilə nazirlik araşdırma aparır və belə bir fakt aşkar edilərsə, məsələyə dərhal müdaxilə ediləcək.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə deyib ki, dövlətlə dövlətçilik etmək olmaz. Dövlətə, dövlət qurumuna tələb qoymaq olmaz:

“O etirazçıların müvafiq icazə almadan toplaşması kimi tələb sözünün istifadəsi də tamamilə qanunaziddir”.

Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov isə bildirib ki, həmin meşələrdə daha səmərəli ağacların əkilməsi nəzərdə tutulur.

Cavid Qara isə meşə fondu torpaqlarının icarəyə verilməsi müqavilələrini və müqavilənin xəritələrini ictimaiyyətə açıqlanmamasının səbəbini anlamır. Deyir: “Meşə fondu torpaqlarının icarə müqavilələrinin mətnləri və xəritələri ictimaiyyətə əlçatan deyil”.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə deyib ki, dövlətlə dövlətçilik etmək olmaz

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə deyib ki, dövlətlə dövlətçilik etmək olmaz

Mənbə: Ecofront

Ekoaktivist əlavə edir ki, əslində icarəyə verilmə qaydalarının əsas prinsiplərindən biri şəffaflıqdır:

“Müqavilələr məxfi sənəd kimi gizlədilir. İctimai əmlak ata malı kimi kimə istəsələr verirlər. Milyonlarla dövriyyəsi olan meşə fondu torpaqlarının alqı-satqısından əldə olunan pul onların gözünü yumub. Bunlar bəzilərinin fikirləşdiyi kimi 50-ci dərəcəli məsələlər deyil. Bu işə Baş Prokurorluq, Korrupsiya ilə Mübarizə İdarəsi qarışmalıdır”.

Ekoaktivist bildirir ki, meşə fondu torpaqları 1500-2000 manatdan 49 illik icarə adı ilə əslində satılır. İctimaiyyət isə yaşıllıq olan yerlər məhv ediləndə bundan xəbər tutur:

“Tam açıq yerlər veriləndə bilmirik. Çünki meşə fondunun ictimaiyyətə açıq xəritəsi yoxdur. Böyük pullara görə də ictimai narazılığa rəğmən müqavilələri ləğv edə bilmirlər. Pulları qaytarmaq lazımdır. Bu işlərin arxasında mütəşəkkil bir dəstə durur. Üzvləri kimlərdir, baxmaq lazımdır bu işin içində olanlardan kimlər bu illərdə maaşla varlana bilməyəcəyi qədər varlanıb”.

"Meşə fondu torpaqları 1500-2000 manatdan 49 illik icarə adı ilə əslində satılır"

“Meşə fondu torpaqları 1500-2000 manatdan 49 illik icarə adı ilə əslində satılır”

Mənbə: Ecofront

Cavid Qara deyir ki, ərazidə çoxlu kəsilmiş ağac var. Bəziləri kökündən çıxarılıb, bəziləri kəsilib:

“Kökündən çıxarılıb kürünmüş əraziyə peyk görüntülərindən baxmaq olar”.

Ekoaktivistlər ETSN-dən meşə fondu torpaqlarının icarəsilə bağlı bütün müqavilələr üzrə kürünmə işlərinin dayandırılmasını tələb edilər. Bildirirlər ki, bundan əlavə, meşə fondu torpaqlarının icarəsilə bağlı bütün müqavilələrin mətni və xəritələri ictimaiyyətə açıq olmalıdır:

“İctimai iştirakçılığın təmin edildiyi işçi qrup yaradılmalı və bütün müqavilələrə yenidən baxılmalı, qanunamüvafiq olaraq 5 hektardan böyük ərazilərdə “meşəbərpa məqsədi ilə” verilmiş icarə müqavilələrində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi işləri aparılmalıdır. Müqavilə şərtlərini pozan və kolluqlar da daxil olmaqla meşə bitkiləri ilə örtülü əraziləri məhv etmiş müqavilələrə xitam verilməli, dəymiş ziyan hesablanmalı və qanuna-müvafiq cəza tədbirləri görülməlidir”.

Aksiya iştirakçıları

Aksiya iştirakçıları

Mənbə: Nurlan Libre

Tələblər içində müqaviləsinə xitam verilmiş ərazilərdə meşə bərpa tədbirlərinin görülməli olması da var:

“Yəni buralara yerli meşə cinsli ağaclar əkilməlidir, mer-meyvə, qoz-fındıq yox. Tələblərimiz qanunidir. Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq ətraf mühitin qorunması hər bir şəxsin borcudur”.

ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov Lənkəranda meşələrin qırılması ilə bağlı iddiaların olduğu ərazidə olub, yerli sakinlərlə görüşüb.

Nazirlik rəsmisi açıq meşə fondu torpağının Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında çayçılığın inkişafı məqsədilə “Beta Tea” şirkətinə icarəyə verildiyini bildirib:

“Ərazidə sahibkar tərəfindən müqavilə şərtlərinin ziddinə olaraq heç bir ağacın kəsilməyib. Uzun illər kənd sakinlərinin, yaxınlıqdakı yaşayış evləri üçün yanğın təhlükəsi olan kol-kos təmizlənib. Burada salınacaq çay plantasiyasında gələcəkdə yerli sakinlər çalışacaq. Onlar bunu müsbət qarşılayır”.

“Kökündən çıxarılıb kürünmüş əraziyə peyk görüntülərindən baxmaq olar”.

“Kökündən çıxarılıb kürünmüş əraziyə peyk görüntülərindən baxmaq olar”.

Mənbə: Ecofront

Mehman Səfərov əlavə edib ki, ərazidə aparılan təmizlik işləri Milli Meşə Proqramına uyğun olaraq Lənkəran rayonunda meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədi daşıyır:

“Açıq meşə fondu torpağı “Beta Tea” şirkətinə qanunauyğun şəkildə icarəyə verilib. Kol-kos basmış quru sahələrdən və talalardan ibarət olan ərazidə heç bir ağac kəsilməsi faktı qeydə alınmayıb. Əksinə, meşələrin mühafizə olunması, qorunub saxlanılması məqsədi daşıyır. Eyni zamanda, sahibkar tərəfindən əhalinin məşğulluğunun təmin edilməsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində də rol oynayacaq”.

“Beta Tea” Şirkətindən isə telefona cavab verən əməkdaş Meydan TV-yə bildirib ki, hər hansı qanunsuz işdən söhbət gedə bilməz. Əlavə məlumat verməyə isə səlahiyyəti yoxdur: “Müdiriyyət yoxdur. İşçilər isə açıqlama verə bilməz”.

"Məhz bu ərazidəki ağaclar kəsilib"

“Məhz bu ərazidəki ağaclar kəsilib”

Mənbə: Ecofront

 

Meydan TV