Müsavat Divanının gündəliyi

İyulun 12-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlərlə bağlı məlumat dinlənilib.

 

Qarabağdakı vəziyyət, Ağdamda və digər ərazilərdə olan mövqelərimizin  sülhməramlıların nəzarəti altında olan ərazilərdən atəşə tutulması barədə məlumatlar müzakirə edilib. Qeyd edilib ki, 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli bəyanatın şərtlərinə görə Ermənistan ordusu Qarabağdan çıxmalı olsa da, bu müddəaya əməl edilmir. Ermənistan rəhbərliyi və separatçı rejim “müdafiə” ordusunun orada qaldığı barədə açıq aşkar bəyanatlar verir. Müsavat Partiyası Azərbaycan hakimiyyətinin bunu susqunluqla qarşılamasını qətiyyətlə pisləyir, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir.

 

Bildirilib ki,  atəşkəsin pozulması hallarına Türkiyə-Rusiya müşahidə Şurası rəsmi münasibət bildirməlidir. Müşahidə Şurası ümumilikdə atəşkəs rejiminə aməl olunması dair öz funksiyalarını yerinə yetirməlidir.

 

İyulun 16-sı saat 12:00-da Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 32-ci ildönümü ilə bağlı milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin məzarının ziyarət edilməsi barədə qərar verilib.

 

Azərbaycanda narkomaniyanın xüsusən gənclər arasında getdikcə yayılması barədə məlumatlar müzakirə edilib. Narkomaniyanın aradan qaldırılması üçün dövlət proqramının icrası tələb olunub.

 

Sonda cari məsələlər müzakirə edilib.

 

Basta