Putin millətçiliyə güc verir
Vladimir Putin hakimiyyətdən əl çəkmək istəmədiyi, lakin Rusiya cəmiyyətini öz ətrafında birləşdirməyin başqa yolunu tapa bilmədiyi üçün millətçiliyə güc verir.
O, Ukrayna haqda yazdığı son böyük məqalədə iddia edib ki, Ukrayna sözü “Okraina” (qıraq, kənar) sözündən götürülüb, “ukrainets” isə, sən demə qədim rus dilində “sərhədçi” demək imiş. Yəni bir Rusiya varmış, bir də onun kənarı varmış. Halbuki, elə rus tarixçilərinin yazdığı tarix kitablarında 9-ci əsrdə yaranan dövlətin adı “Kiyevskaya Rus” adlandırılır. Bu dövlətin paytaxtı Kiyev olubsa, bura necə qıraq ola bilər?!
Putin yazıb ki, Ukrayna SSRİ -yə daxil olarkən onu ərazisi kiçik, tərk edərkən isə qatqat böyük olub, çünki bolşeviklər “rus torpaqlarını” Ukraynaya “hədiyyə edib”. Bununla Rusiya prezidenti Ukraynaya qarşı yeni ərazi iddiaları irəli sürüb. Putin yazıb ki, ümumiyyətlə Ukrayna dövləti “sovet dövrünün məhsuludur”.
Ukraynalılarla rusların bir xalq olduğunu yazan Putin, indi iki dövlət arasında düşmən münasibətlərinin yaranmasına görə Qərbi günahlandırıb. Halbuki bu düşmənçiliyin səbəbi məhz onun iradəsi ilə Rusiyanın 2014-cü ildə Krımı və Donbası ilhaq etməsidir.
Bütün imperiyalar çöküş ərəfəsində millətçiliyə üz tutublar. Rusiya eyni mərhələyə qədəm qoyur. Putin bilməmiş deyil ki, onun səfərbərlik üçün millətçiliyə rəvac verməsi Rusiyada yaşayan başqa xalqların – tatarların, başkirlərin, çeçenlərin və s. millətçiliyə üz tutmasına səbəb olacaq. Amma Putin bu yolu seçir, çünki onu imperiyadan daha çox, özünün hakimiyyətdə qalması maraqlandırır.
Putinin indiki mərhələdə Ukrayna ilə ziddiyətləri yenidən körükləməsi, onun sentyabrda keçiriləcək seçkilərin nəticələrinə görə narahat olduğunu göstərir.
Mustafa Hacıbəyli