Polad Həşimov və daha 11 hərbçinin şəhid olduğu Tovuz döyüşlərindən bir il ötür
Bu gün general-mayor Polad Həşimov və daha 11 hərbçinin həlak olduğu Tovuz döyüşlərindən bir il ötür.
2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə Azərbaycan mövqelərini atəşə tutub.
Bir neçə gün davam edən döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları – əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov həlak olub.
Erməni silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Tovuzun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əliyev də həyatını itirib.
Bundan başqa, Tovuz rayonunun Ermənistanla sərhəd olan kəndlərdə evlərə, inzibati binalara, mülki obyektlərə, məktəblərə ciddi ziyan dəyib.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və Polkovnik Mirzəyev İlqar Anzor oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
BBC