Deputatın polisi döyməsi ilə bağlı cinayət işi açılıb, YAP açıqlama verdi

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

 

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

 

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

 

“Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, – Mətbuat xidmətindən bildirilib.

 

Yeni Azərbaycan Partiyası (YAP) iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsinə münasibət bildirib.

 

“Report”un sorğusuna cavab olaraq bildirilib ki, partiya baş vermiş hadisədən təəssüf hissi keçirir.

 

“Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb, məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək”, – partiyadan vurğulanıb.

 

Xatırladaq ki, insident iyulun 29-da gecə saat 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. E.Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.