Polisi döyən deputatın toxunulmazlığı götürülür – Prokurorluqdan təqdimat

Azərbaycanın baş prokuroru Kamran Əliyev Eldəniz Səlimovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Milli Məclisə onun deputat toxunulmazlığından məhrum edilməsi haqqında təqdimat göndərib. Milli Məclisin növbədənkənar sessiyası avqustun 3 -nə təyin edilib. Bu barədə parlamentdəki mənbələrdən Turana bildiriblər.

 

Baş Prokurorluğun mətbuat xidmətinin dünən verdiyi məlumata görə, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy dvor” restoranında Səlimov Xaçmaz rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşı Zaur Mirzəyevi döyüb.

 

Toplanan materiallar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılıb. İstintaq Baş Prokurorluğun istintaq idarəsində aparılır.